ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin növbəti məzun buraxılışı olub

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “TwentyEighty Strategy Execution”(STRATEX) şirkətinin birgə təşkilatçılığı ilə reallaşan və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr proqramı əsasında tədris edilən Layihə İdarəetmə Məktəbinin (SPM) M7 və M8 qrupunun “Məzun günü” keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Layihə İdarəetmə Məktəbini bu dəfə 14-dən çox müəssisənin 30-a yaxın mütəxəssisi bitirib. Məzunlar arasında İqtisadiyyat Nazirliyi, “SOCAR AQŞ”, Qarabağ Əməliyyat Şirkəti, Ümid-Babək Əməliyyat Şirkəti, “SOCAR Polymer”, “SOCAR STP”, “Paşa Holdinq”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, BP, “Xalq Həyat Sığorta”, Beynəlxalq Qırmızı Xaç Komitəsi, “Azercell”, “Agrodairy” MMC kimi şirkət və müəssisələrin rəhbər işçiləri və məsul əməkdaşları var.

Ali məktəbin rektoru Elmar Qasımov Layihə İdarəetmə Məktəbinin məzunlarını proqramı uğurla başa vurmaları münasibətilə təbrik edərək, layihənin beynəlxalq səviyyəli mütəxəssislər yetişdirməkdə əhəmiyyətli rolunu vurğulayıb. Beş ildir ki, Bakı Ali Neft Məktəbində reallaşdırılan Layihə İdarəetmə Məktəbinin məzunlarının bir çoxunun proqramı bitirdikdən sonra karyeralarında mühüm irəliləyişlər əldə etdiyini deyən rektor yeni biliklərin onların peşəkarlıqlarının yüksəlməsinə töhfə verdiyini bildirib.

BP-nin yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə çıxışında deyib ki, BANM bu proqram üzrə kadr hazırlığı prosesini uğurla reallaşdırır.

Sonda məzunlara ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı təqdim edilib.

Qeyd edək ki, son illər ərzində dövlət və özəl sektorda fəaliyyət göstərən şirkətlər əməkdaşlarının ixtisasartırması məsələsinə böyük önəm verir və onların bu layihədə iştirakına üstünlük verirlər.

Bakı Ali Neft Məktəbinin Layihə İdarəetmə Məktəbinin 100-dən çox məzunu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.