ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin diplomlarının Pakistanda akkreditasiya məsələsi müzakirə olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Qasımov Bakı Ali Neft Məktəbinin uğurlarından danışıb. Bildirilib ki, BANM-ə müraciət edən pakistanlı tələbələrin sayı ilbəil artır. Artıq iki pakistanlı tələbə BANM–in təqaüdü ilə bu ali məktəbdə təhsil alır.
Elmar Qasımov səfiri akademik heyət və tələbələrlə görüşə dəvət edib.
Səfir Bilal Haye Bakı Ali Neft Məktəbi kimi beynəlxalq səviyyəli ali təhsil müəssisəsinin fəaliyyətini yaxından izlədiyini qeyd edib. O, ali məktəbin müəllim–professor heyəti və tələbələri ilə görüşə dəvətə görə rektor E.Qasımova təşəkkürünü bildirərək ən qısa zamanda bu təklifi gerçəkləşdirəcəyini deyib.
Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Pakistanda Bakı Ali Neft Məktəbinin diplomlarının akkreditasiya məsələsi geniş müzakirə olunub.