ELM VƏ TƏHSİL


Bakı Ali Neft Məktəbinin məzunu 13 tanınmış xarici ali məktəbə qəbul olub

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Ələddin Mərdanov dünya üzrə müraciət etdiyi ali məktəblərdən 13-nün magistratura üzrə proqramlarına qəbul olunub. O, həmin universitetlərin bir çoxundan təqaüd də qazanıb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, Ələddin Mərdanov kimya mühəndisliyi, material mühəndisliyi, sənaye enerji prosesləri və davamlılıq, innovativ və dayanıqlı kimya mühəndisliyi, ətraf mühit mühəndisliyi və s. ixtisaslar üzrə qəbul olunub. O, daha bir neçə ali məktəbin qəbul imtahanlarının test mərhələsini keçsə də artıq bu cür yüksək nəticələrə görə həmin müraciətlər üzrə yekun müsahibələrdən imtina edib. Bu isə bakalavr məzunu üçün yüksək göstəricidir.

Ə.Mərdanov təhsilini Erasmus Mundus təqaüd proqramı ilə kimya innovasiya və tənzimləmə ixtisası üzrə Boloniya Universiteti, Heriot-Vat Universiteti, Barselona Universiteti və Alqarve Universitetinin birgə tədris proqramı üzrə həmin universitetlərin yerləşdiyi ölkələrdə davam etdirməyi qərara alıb. O, 1000 müraciətçi arasından təqaüdə layiq görülmüş 25 nəfərdən biridir.

Xatırladaq ki, Ələddin Mərdanov 2016-cı ildə DİM tərəfindən keçirilmiş qəbul imtahanında 650 bal toplayaraq BANM-in kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub. O, məzun olduqda ümumi orta müvəffəqiyyət göstəricisi 90.95 olub.

BANM məzunu Ələddin Mərdanov təhsil aldığı müddətdə BASF və “Carlsberg Azerbaijan” şirkətlərində təcrübə keçmiş yeganə tələbə olub. Üç il professional tərcüməçi kimi fəaliyyət göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.