CƏMİYYƏT


Bakı Ali Neft Məktəbinin müəllimi dənizdə batan 2 nəfəri xilas edib

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) Bədən tərbiyəsi və idman kafedrasının baş müəllimi Pyotr Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən, həyat yoldaşının köməyilə batmaqda olan ana və qızını xilas edə bilib. Köməyə 3 nəfərin ehtiyacı olsa da, güclü şimal küləyi onları sahildən xeyli uzaqlaşdırdığından ailə başçısını xilas etmək mümkün olmayıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, təəssüf ki, onun cansız bədənini sahilə çıxarıblar.

Qeyd edək ki, Pyotr Kuvşinov su polosunda idman ustası, eləcə də Qarabağ müharibəsi veteranıdır. O, son illər ölkəmizdə keçirilən qlobal idman tədbirlərində də təcrübəli məşqçi kimi iştirak edib. Belə ki, Birinci Avropa Oyunlarında Texniki məsul şəxs, Dördüncü İslam Həmrəylik Oyunlarında Su Polosu üzrə Azərbaycan milli komandasının məşqçisi kimi sertifikatlara da layiq görülüb.

1992-ci ildə Qarabağ müharibəsinə könüllü qoşularaq, 1996-cı ilə qədər erməni işğalçılarına qarşı igidliklə vuruşan Pyotr Kuvşinov ağır yaralanaraq ordudan tərxis olunub. O, bu gün də bədənində düşmən güllələrinin qəlpələrini gəzdirir. İki il əvvəl xərçəng diaqnozu qoyulan Pyotr Kuvşinov 12 kimyaterapiya müalicəsi aldıqdan sonra 63 yaşında xəstəliyə qalib gələ bilib. O, 2 illik reabilitasiyadan sonra ilk dəfə istirahət etmək üçün çimərliyə üz tutub və özünü təhlükəyə atmasına baxmayaraq, insanların həyatını xilas etməyə nail olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.