ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbinin tələbələrinə “Y nəsli və yeni iş yerləri” adlı təlim keçirilib
Bakı, 22 yanvar, AZƏRTAC
SOCAR Türkiyənin maliyyə dəstəyi və təşkilatçılığı ilə Türkiyənin beynəlxalq “Universum” Araşdırma və Konsaltinq şirkətinin Yaxın Şərq regionu üzrə direktoru Evrim Kuran Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinə təlim keçib.
Bakı Ali Neft Məktəbindən AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak edən BANM-in rektoru Elmar Qasımov Ali Məktəbə göstərdiyi diqqət və şirkətin sosial layihəsi çərçivəsində həyata keçirdiyi bu təlim üçün SOCAR Türkiyənin rəhbərliyinə öz təşəkkürünü bildirib.
Təlimdə, həmçinin SOCAR Türkiyənin İnsan Resursları üzrə direktoru Sibel Uğur, Petkim Petrokimya Holdinqin “Yetenek kazanım və yetenek işletim” şirkətinin müdiri Bəhruz Babayev və digər nümayəndələr iştirak ediblər.
Evrim Kuran gənclər üçün çox aktual mövzu - “Y Nəsli – Minilliyin nəsli və yeni iş yerləri” adlı təlimdə 21-ci əsrdə iş yerlərində baş vermiş dəyişikliklər, biznes dünyasında bir neçə nəsil və müxtəlif nəsillər arasında ünsiyyət, Y nəsli və peşəkar həyat, nəsillər və dünyanı dəyişən rəqəmsal bilik haqqında danışıb. O, həmçinin tələbələrə şəxsiyyətini, özünə əminliyini itirmədən peşəkar tələblərə cavab verməyin yollarını açıqlayıb.
BANM-in tələbləri tərəfindən böyük maraqla qarşılanan təlim gənclərin E.Kurana çoxsaylı sualları ilə yekunlaşıb.
Təlimin sonunda rektor E.Qasımov SOCAR Türkiyənin insan resursları üzrə direktoru S.Uğur və E.Kurana Ali Neft Məktəbini ziyarət və verdiyi töhfə üçün “Fəxri qonaq” plaketi təqdim edib.
Ali Neft Məktəbinin kampusuna baş çəkən qonaqlar tələbələr üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Qeyd edək ki, E.Kuran, həmçinin 2013-cü ildən regionun “İnsanlar brend yaradır” ən böyük brendinq konfransının yaradıcısı və kuratoru, 2006-cı ildən fəaliyyət göstərən beynəlxalq “Dinamo Consulting” şirkətinin həmtəsisçisi, “Teleqrafdan Tabletə” adlı kitabın müəllifi və çoxlu sayda elmi araşdırma məqalələrinin müəllifidir.