ELM VƏ TƏHSİL
Bakı Amerika Mərkəzi təmirdən sonra yenidən istifadəyə verilib
Bakı, 7 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev Azərbaycan və ABŞ-ın diplomatik münasibətlərə qədəm qoymasının məhz iki böyük prezidentin - Heydər Əliyevin və Corc Buşun adı ilə bağlı olduğunu daim qeyd edib. Bakı Amerika Mərkəzinin yenidən açılışı da bu münasibətlərin davamıdır. Amerika Mərkəzinin açılışı mötəbər hadisədir.
Bunu Bakı Amerika Mərkəzinin (BAM) əsaslı təmirdən sonra açılış mərasimində Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla deyib.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, K.Abdulla əlavə edib ki, mərkəzin fəaliyyətindən yararlanan azyaşlı uşaqlar həmin mühiti hiss edəcək və ölkəyə layiq vətəndaş kimi yetişəcəklər. O, mərkəzin təmirində əməyi keçən hər kəsə təşəkkür edərək deyib: “Əminəm ki, çəkilən zəhmətlərin bəhrəsini yaxın zamanlarda görəcəyik”.
Mərasimdə iştirak edən ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər üzrə vəkili Vilyam Gil ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə davamlı və uzunmüddətli əlaqələrin mövcud olduğunu söyləyib. Bakı Amerika Mərkəzinin təmirdən sonra yenidən istifadəyə verilməsindən məmnunluğunu bildirən V.Gil mərkəzin fəaliyyətinin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsinin bariz nümunəsi olduğunu deyib. Qonaq mərkəzin fəaliyyətində ADU-nun rolunu da vurğulayıb. O, məlumatların müasir şəraitdə və müxtəlif proqramlarla öyrədilməsi üçün yenicə təmirdən çıxmış mərkəzdə mövcud olan resurslardan və əlverişli mühitdən bəhs edib.
Daha sonra Bakı, Gəncə, Xaçmaz, Salyan, Kürdəmir ərazilərində yerləşən Amerika mərkəzləri haqqında məlumatların yer aldığı americancorners.az saytının təqdimatı olub.
Xatırladaq ki, Amerika Mərkəzi Bakıda ilk dəfə 2004-cü ildə açılıb, 2007-ci ildən isə ADU-da yerləşir. Amerika Mərkəzi ingilis dilini öyrənmək və Amerika haqqında məlumat əldə etmək istəyənlər üçün çox əlverişli məkandır. Mərkəzdə ingilis dilini öyrənənlər, ABŞ-da təhsil imkanları haqqında məlumatı əldə etmək istəyən tələbələr üçün ölkənin cəmiyyəti və mədəniyyəti haqqında kitab və dövri nəşrlərdən ibarət olan Amerika kitabxanası mövcuddur.