ELM VƏ TƏHSİL
Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
Bakı, 17 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC
Sentyabrın 17-də Bakı Atatürk Liseyində 2018-2019-cu dərs ilinin başlanması və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün, vətən uğrunda canlarından keçmiş şəhidlərin və vəfat etmiş təhsil işçilərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.
Sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Liseyin direktoru Hüseyn Dəmirəl qonaqları, müəllim və şagirdləri “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Direktor liseyin gənc nəslin təlim-tərbiyəsində, bilik və bacarıqlara yiyələnməsində, vətənə, xalqa məhəbbətin aşılanmasında müstəsna rol oynadığı diqqətə çatdırıb. Liseyin tarixindən söz açan direktor təhsil ocağında diqqətəlayiq uğurlar qazanıldığını söyləyib. O, ötən tədris ilində liseyi bitirən 37 məzundan 36-sının Azərbaycan ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin universitetlərinə qəbul olunduğunu qeyd edib.
İki qardaş ölkə arasındakı münasibətlərə toxunan H.Dəmirəl bu birliyin heç bir zaman sarsılmayacağını vurğulayıb.
Direktor, həmçinin ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirib.
Digər çıxış edənlər də yeni tədris ilinin başlanması və “Bilik günü” münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, uğurlar arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib.