ELM VƏ TƏHSİL
Bakı Avrasiya Universitetinin kollektivi Ulu Öndərin xatirəsini ehtiramla yad edib
Bakı, 9 dekabr, AZƏRTAC
Dekabrın 9-da Bakı Avrasiya Universitetində (BAU) ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilib.
BAU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
BAU-da davam etdirilən tədbirdə universitetin prorektorları Nigar Hüseynova və Gülzar İbrahimova Ümummilli Liderin nəsillərə örnək olan şərəfli ömür yolundan, bu dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilmiş gənclər siyasətindən danışıblar. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev hər zaman gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişməsinə, milli-mənəvi dəyərlərə məhəbbətlə yanaşmaşına, gənclərin problemlərinin həllinə böyük diqqət ayırıb. Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafındakı rolundan söz açan natiqlər xalqımızın əbədiyaşar liderinin siyasi aləmdəki nüfuzunu xüsusi vurğulayıblar.
Tədbirdə digər çıxış edənlər Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən, onun siyasi irsinin təbliğinin əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin siyasi-iqtisadi və sosial kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Ulu Öndərin həyatı və siyasi fəaliyyəti ilə bağlı film nümayiş olunub.