CƏMİYYƏT


Bakı Avropa Liseyi "Yaşıl dalğa” və “Qarabağ Azərbaycandır” adlı aksiya keçirib

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 15-də Bakı Avropa Liseyi və liseyin nəzdində olan “World Wide Diplomacy” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin təşəbbüsü ilə “Yaşıl dalğa” və “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Dənizkənarı Bulvar idarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada növbəti “Yaşıl dalğa” sosial-ekoloji aksiyanın məqsədi Azərbaycanın canlılar aləminin qorunmasına töhfə vermək və yeni nəsildə ekoloji savadlılığı və dəyərlərə münasibəti inkişaf etdirməkdir.

Qeyd edək ki, “Yaşıl dalğa” aksiyası Bakı Avropa Liseyi tərəfindən artıq 3-cü dəfədir ki, (2018 və 2019-cu illərdə) Milli Dənizkənarı Bulvarda həyata keçirilir.

Təhsil Nazirliyi və Milli Dənizkənarı Bulvarın rəhbərliyi tərəfindən bu təşəbbüsün davamlı xarakter daşınması və onun ənənəvi tədbir kimi həyata keçirilməsinə dəstək verilib.

Bu il “Yaşıl dalğa” aksiyasının məqsədi ölkəmizdə gənc nəslin nümayəndələrinin diqqətini Azərbaycanın ekoloji tarazlığının qorunmasına və bərpa edilməsinə yönəltməkdir. Eyni zamanda, aksiya qlobal ekosistemin tərkib hissəsi kimi Azərbaycanın və onun ayrılmaz hissəsi olan Qarabağın endemik bitkilərinin qorunmasına töhfə verəcəkdir.

Ölkəmizin siyasi və ictimai həyatında cərəyan edən hadisələr fonunda – ordumuzun Qarabağı işğaldan azad etdiyi bir vaxtda planlaşdırılan “Yaşıl dalğa” aksiyasının ənənəvi formatı əhəmiyyətli dərəcədə dəyişdirilib. Çünki işğaldan azad edildikdən sonra xalqımızı düşündürən əsas məsələlərdən biri də illərdir düşmən tapdağı altında olan Qarabağı abadlaşdırmaq, təbiətini bərpa etmək, flora və faunasına daha çox qayğı göstərməkdir.

Aksiyanın leytmotivi “Qarabağ Azərbaycandır” və “Qarabağ ürəyimizdədir”. Aksiyanın rəmzi isə xarıbülbül çiçəyidir. Aksiyada iştirak edən qonaqlar Qarabağın flora və faunasına həsr olunmuş uşaq rəsmlərindən ibarət açıq səma vernisajı ilə tanış olublar.

Aksiyanın açılış mərasimində Bakı Avropa Liseyinin direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları çıxış edərək bu aksiyanın əhəmiyyətindən danışıblar. Liseyin biologiya müəllimi Kəmalə Ələsgərova “Qarabağ flora və faunası: təbiət xəzinəsi və erməni ekoloji vandalizminin nəticələri” mövzusunda mühazirə ilə çıxış edib. Sonra “Qarabağ-Azərbaycandır” fləş-mobu nümayiş olunub.

Aksiyanın bədii hissəsində şagirdlərin ifasında “Xarıbülbül” və “Qarabağ – Azərbaycandır” adlı rəqslər və maraqlı musiqili səhnəciklər ifa edilib, Azərbaycan və Qarabağ haqqında şerlər və mahnılar səslənib.

Daha sonra şagirdlər iki qrupa bölünərək asfaltda Qarabağın florasına həsr olunmuş tematik rəsmlərini çəkiblər. Bu rəsmlərin xüsusilə cəlbedici hissəsi “Xarıbülbül ürəyimdədir” kompozisiyası olub. Şagirdlər böyük ürək şəklinin içərisində çoxlu sayda xarıbülbül rəsmləri çəkərək “Xarıbülbül ürəyimdədir” şüarını canlandırıblar. Həmin şəkillər rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıb.

Şagirdlərin digər qrupu isə Milli Dənizkənarı Bulvarda mütəxəssislərin köməyi ilə bu aksiyaya ayrılmış ərazisində Azərbaycanın endemik bitkilərinin tinglərini əkiblər.

Aksiyada yüzdən çox Bakı Avropa Liseyinin şagirdi, müəllim və valideynlər iştirak ediblər.

Aksiya bulvarın qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.