İQTİSADİYYAT


Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanları Amerika şirkətlərinin nümayəndələri ilə müzakirə edilib

Vaşinqton, 6 iyun, AZƏRTAC 

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə “Mərkəzi Avrasiya regionunda transkontinental daşımalarda Azərbaycanın rolu: Dəniz və qurunun birləşmə nöqtəsindən qlobal dəyər zəncirinə” mövzusunda onlayn konfrans keçirilib.

Konfransın əsas məruzəçisi qismində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov çıxış edib. Müzakirə formatında keçən görüşə Birləşmiş Ştatların bir sıra şirkətlərinin regional ofislərinin təmsilçiləri, eləcə də ABŞ Ticarət Nazirliyinin, həmçinin Ticarət Xidmətinin Türkiyə nümayəndəliyinin, Azərbaycan və ABŞ səfirliklərinin iqtisadi bölmələrinin əməkdaşları iştirak ediblər.

Palatanın icraçı direktoru Natiq Baxışovun moderatorluğu ilə keçən tədbirdə müzakirələr əsasən Bakı limanının imkanları, perspektiv inkişaf istiqamətləri, Ələt qəsəbəsindəki Azad Ticarət Zonası, eləcə də ABŞ şirkətlərinin bu imkanlardan istifadə imkanları ətrafında aparılıb. T.Ziyadov yerli və xarici şirkətlərə təqdim olunan xidmətlər və güzəştlər barədə məlumat verib.

Müzakirələr zamanı ABŞ rəsmiləri Amerika şirkətlərinin Ələt Azad İqtisadi Zonasına sərmayə yatırmağa hazır olduqlarını bildiriblər. T.Ziyadov Azərbaycanın ABŞ şirkətləri üçün regional mərkəz ola biləcəyini bildirib, bunun üçün həm ölkəmizin coğrafi mövqeyinin, həm də mövcud infrastrukturun imkan verdiyini vurğulayıb.

Görüşün məqsədi pandemiya dövründə ABŞ dövlət qurumları, eləcə də Amerika şirkətlərinin Azərbaycan iqtisadiyyatı və ölkəmizdə biznes imkanları barədə davamlı məlumatlılığının təmin edilməsidir.

Qeyd edək ki, bu günədək Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov, İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev Palatanın təşkilatçılığı ilə keçirilmiş onlayn görüşlərin qonaqları olublar.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.