MƏDƏNİYYƏT
Bakı Beynəlxalq Kitab Sərgisində yazıçı Varislə görüş və imza saatı keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı Ekspo Mərkəzində təşkil etdiyi VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mərkəzi “Natəvan” guşəsində yazıçı Varislə görüş və imza saatı keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş zamanı Varis ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb, Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılıq qabiliyyətinə önəm verib. O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən, habelə səsli kitabların gündəmimizə necə sürətlə daxil olmasından danışıb.
Tədbirin aparıcısı yazıçıya xarici ölkələrdə bestseller sırasına düşən kitabları, ədəbiyyata necə gəlməsi, mütaliəsi ilə bağlı suallar ünvanlayıb. Eyni zamanda, çoxsaylı izləyicilər yazıçıdan onları maraqlandıran qəhrəmanların taleləri ilə bağlı bilgilər alıblar.
Görüşdə daha çox sual isə yazıçının dövlət sifarişi ilə çap edilən, Heydər Əliyev Fondunun “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təbliğ olunan “Qırmızı ləçəklər” kitabı ilə bağlı olub.
Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb.
Görüşdən sonra yazıçı “Audiokitab” stendini ziyarət edərək orada toplaşmış oxucuları ilə də görüşüb, onlarla ünsiyyət qurub. Sərgini ziyarət edən görmə imkanı məhdud oxucuların “Son məktub” romanının pdf variantını axtarmaları müqabilində onlara kömək edəcəyinə də söz verib. O deyib: “Bu həssas əhali təbəqəsinin kitab sevgisini yaşatmağa borcluyuq”.
“Audiokitab” əməkdaşları arasında bu brend altında işıq üzü görmüş “Sonuncu ölən ümidlərdir” və “Bir ovuc torpaq” romanlarını səsləndirənlərlə fikir mübadiləsi aparılıb. Yazıçıya tezliklə onun “Metamorfoz” kitabının audio versiyasının da təqdim ediləcəyi barədə məlumat çatdırılıb.
Özbəkistandan sərgiyə təşrif buyurmuş tanınmış naşir Xasiyyat Rustamova ilə fikir mübadiləsi aparılarkən Varisin Özbəkistanda çap edilmiş və ötən il ən çox satılan kitablar arasında Rəşad Nuri Güntəkinin “Yaşıl gecə” romanından sonra ikinci yerdə qərarlaşmış “Sənə inanıram” romanından söz açılıb.