CƏMİYYƏT
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov Azərbaycan xalqının qədim bayramlarından olan Novruzun xalqları, müxtəlif dinlərin, irqlərin nümayəndələrini bir-birinə daha da yaxınlaşdırdığını deyib. Bildirib ki, Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 2010-cu ildən isə BMT Baş Assambleyasının qərarı ilə hər il 21 mart Dünya Novruz Günü kimi qeyd olunur.
Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Novruz bayramının Azərbaycan xalqının əziz və əlamətdar bayramlarından olduğunu deyib. Novruz bayramı etnik, dini icmaların nümayəndələri, ölkəmizdə yaşayan müxtəlif xalqlarla birlikdə keçirilir. Azərbaycan xalqı üçün bu ənənə halını alıb. Lakin başqa ölkələrdə belə tədbirlərin keçirilməsi qeyri-mümkündür. Məlum olduğu kimi, Yaxın Şərq ölkələrində, Şimali Afrikada etnik, dini zəmində münaqişələr baş verir.
Şöbə müdiri Bakıda keçirilən VI Qlobal Forumun əhəmiyyətindən də söhbət açıb. Bildirib ki, Forumda çıxış edənlər Azərbaycanın multikulturalizm ənənələrini, müxtəlif konfessiyaların nümayəndələrinin bir ailə kimi dinc yanaşı yaşamasını yüksək qiymətləndiriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək deyib ki, Novruz bayramı ulu öndər Heydər Əliyevin Sərəncamı ilə rəsmi milli bayram kimi qeyd olunur. Bildirib ki, Novruz bayramının fəlsəfəsi bərabərliklə izah olunur. Bu bərabərlik insanları birləşdirir.
AMEA Dilçilik İnstitutunun direktoru, Dövlət Dil Komissiyasının üzvü, akademik Möhsün Nağısoylu Novruz bayramının ən qədim bayramlardan olduğunu, yazın gəlişindən xəbər verdiyini bildirib. Novruz təravətlilik, təbiətin oyanışı, sülh və rifah arzularımızın yeniləndiyi bir andır.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Elnur Əfəndiyev, “Ronahi” Kürd Mədəniyyət Mərkəzinin sədri Fəxrəddin Paşayev, Azərbaycandakı Roma Katolik Kilsəsinin nümayəndəsi Yozef Marek, Azərbaycan-Avar İctimai Birliyinin sədri Məhəmməd Nooyev, talış icmasının rəhbəri, ədəbiyyatşünas alim İmamverdi Həmidov, “Azəri” Tat Mədəniyyət Mərkəzinin rəhbəri Elman Əhmədov, “Samur” ləzgi milli mərkəzinin nümayəndəsi İmran Rzayev çıxışlarında bildiriblər ki, Novruz bayramı həmrəylik, qardaşlıq, dostluq bayramıdır. Azərbaycanda müxtəlif xalqlar və fərqli dinlərə etiqad edənlər qardaş kimi mehribanlıq şəraitində birgə yaşayırlar.