RƏSMİ SƏNƏDLƏR


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qutdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Respublika Günü – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101-ci ildönümü münasibətilə ən xoş arzularımı və səmimi təbriklərimi qəbul edin.

Yüz bir il bundan əvvəl yaradılmış Azərbaycan dövləti müasir Azərbaycanın bütün dünyada demokratik respublika kimi tanınmasında mühüm rol oynayıb. Danılmaz tarixi faktdır ki, Azərbaycan ən ali demokratik dəyərləri hələ bir əsr əvvəl nəinki bəyan etmiş, həm də öz əməli fəaliyyətində onları təmin etmiş ölkələrdən biridir.

Azərbaycan Xalq Cümhuriyyəti ilk parlament respublikası kimi bütün Yaxın Şərqdə, o cümlədən türk-müsəlman dünyasında hüququn aliliyinə əsaslanan ilk demokratik dünyəvi dövlət modeli olub. Bugünkü müstəqil Azərbaycan məhz Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir.

Bu gün dünyada həm millətlərarası, həm də dinlərarası münaqişələrin alovlandığı bir vaxtda Azərbaycan bütün konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı sabitlik, firavanlıq və tolerantlıq adasıdır. Hətta ölkə ərazisinin 20 faizinin təcavüzkar Ermənistan dövləti tərəfindən işğal edilməsi də Azərbaycanın və onun xeyirxah xalqının əsl sivilizasiyalararası dialoq nümunəsi kimi, bütün xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı məkan kimi qalmasına mane olmayıb.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, İsrail Dövləti Azərbaycanın və şəxsən Sizin Azərbaycanda yaşayan bütün icmalara, o cümlədən yəhudi icmasına dünyada analoqu olmayan diqqətli və səmimi münasibətinizi yüksək qiymətləndirir. Siz dünyəvi dövlətə, multikulturalizmə və tolerantlığa sədaqətinizə, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara xoş münasibətinizə görə həm İsrail cəmiyyətinin, həm də başqa dövlətlərdəki yəhudi icmalarının böyük hörmətini qazanmısınız.

Hörmətli cənab Prezident, Sizə və Sizin gözəl ailənizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

 

Arye Qut,

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin direktoru,

“Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin