ELM VƏ TƏHSİL


Bakı Biznes Universitetində “Məzun günü”ndə əmək yarmarkası təşkil edilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Bakı Biznes Universitetində (BBU) “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə “Məzun–2018” buraxılış günü çərçivəsində universitetdə işaxtaran məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələri gücləndirmək, gənclərin əmək bazarına inteqrasiyasını asanlaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən “Karyerada ilk addım” devizi altında əmək yarmarkası təşkil olunub. Tələbə və məzunlar Dövlət Məşğulluq Xidməti tərəfindən təqdim olunan iş yerləri ilə maraqlanıb, müvafiq sənədləri təqdim ediblər.

Dövlət Məşğulluq Xidmətinin və Bakı Biznes Universitetinin rəhbərliyi əmək yarmarkası ilə tanış olub, bu cür fəal məşğulluq tədbirləri ilə bağlı tələbə və məzunların rəylərini, təkliflərini öyrəniblər. Diqqətə çatdırılıb ki, yarmarkada Bakı şəhərinin rayonlarının məşğulluq mərkəzləri ilə əməkdaşlıq edən 70-dək müəssisə iştirak edir. Onlardan 39-u qeyri-dövlət, digərləri isə dövlət müəssisələridir. Tədbirə qatılan müəssisələr tərəfindən ümumilikdə 202-dən artıq boş iş yeri təqdim olunub. Həmin iş yerlərinin 111-i qeyri-dövlət müəssisələrinin, qalanları dövlət müəssisələrinin payına düşür. Təqdim olunan vakant iş yerlərində maksimum əməkhaqqı 1900 manat, minimum əmək haqqı isə 160 manat təşkil edir.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Litvanın sosial təhlükəsizlik və əmək nazirinin müavini xanım Eqle Radisauskienenin başçılıq etdiyi nümayəndə heyəti, Avstriya Məşğulluq Xidmətinin icraçı idarə heyətinin üzvü Tomas Hainlen, Avropa İttifaqının “Tvinninq” layihəsinin nümayəndəsi Audra Mikalauskaite iştirak ediblər.

M.Kərimli dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin məşğulluğunun diqqətdə saxlanıldığını, aktiv məşğulluq tədbirlərinin mühüm bir istiqamətinin də gənclərin əmək bazarına çıxış imkanlarının artırılmasına yönəldiyini vurğulayıb. Nazir müavini bu istiqamətdə işlərin davam etdirildiyini, məşğulluq orqanları tərəfindən cari ilin yanvar-may aylarında işlə təmin edilən 35,3 min nəfərdən 9573-nün gənc olduğunu qeyd edib. Bildirilib ki, bu ilin 5 ayında məşğulluq orqanları tərəfindən 1317 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub ki, onlardan təxminən 700 nəfərini gənclər təşkil edib. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə isə 80 gənc peşə təliminə qəbul edilib. Son beş ayda 63,2 min gəncə düzgün peşə seçimi aparmalarına kömək məqsədilə peşəyönümü məsləhətləri verilib. Özünüməşğulluq proqramında da gənclərin iştirakına xüsusi əhəmiyyət verilir və ötən il proqrama cəlb edilərək kiçik ailə təsərrüfatlarını yaradanların 300 nəfərdən çoxu gənclər olub. Bu il həmin proqramda gənclərin iştirak səviyyəsinin dəfələrlə artırılması nəzərdə tutulur.

“Karyerada ilk addım” devizi altında təşkil olunan tədbirlərin əhəmiyyətini qeyd edən nazir müavini burada əsas məqsədin gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, işəgötürənlərlə ilkin əlaqələr qurmaları üçün şərait yaradılması olduğunu bildirib.

Daha sonra “Məzun–2018” buraxılış tədbirində universitetin rektoru, professor İbad Abbasov məzunları təbrik edib və onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu il Bakı Biznes Universitetini 356 məzun bitirib. Həmçinin bu il universitetdə 35 magistr də məzun olub.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da məzunları təbrik edərək, onların universitetdə aldıqları biliklər sayəsində uğur qazanacaqlarına, ölkəmizin inkişafına töhfələr verəcəklərinə əminliyini bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.