ELM VƏ TƏHSİL
Bakı Biznes Universitetində beynəlxalq elmi-praktik konfrans keçirilib
Bakı, 2 may, Ş.Abdullayeva, AZƏRTAC
Mayın 2-də Bakı Biznes Universitetində (BBU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın keçirilməsində məqsəd ali təhsilin beynəlxalq rəqabətliliyinin yüksəldilməsi istiqamətlərini, təhsil sisteminin inkişafının nəticələrinin təhlil olunmasını və perspektivdə bu prosesin daha da uğurlu davam etməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdir.
Tədbiri açan BBU-nun rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov konfransın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən danışıb. Qeyd edib ki, Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiyası, respublikada təhsilin beynəlmiləlləşməsi prosesinin əsası ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmdə qoyulub. Bu gün bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyinin yüksəldilməsi istiqamətlərində önəmli addımlar atılır.
Konfransda “İnsan kapitalının formalaşması və təhsilin keyfiyyətinə təminat”, “Ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi”, “Beynəlxalq maliyyə və mühasibat uçotu standartlarının tətbiqi: kadr potensialı və inkişaf istiqamətləri”, “Ali təhsil sistemində beynəlxalq rəqabətliliyin artırılmasında təhsil və tədris proqramlarının təkmilləşdirilməsinin əhəmiyyəti”, “Azərbaycanda təhsilin beynəlxalq rəqabətliliyinin təmin edilməsində xarici dillərin rolu”, “Təhsilin rəqabətliliyinin təmin edilməsində riyazi fənlərin tədrisi üzərinə düşən vəzifələr” mövzularında müzakirələr aparılıb.
Konfrans işini insan kapitalının formlaşdırılması və təhsilin inkişafı istiqamətləri, ali təhsil sistemində beynəlxalq rəqabətlilik və təhsilin keyfiyyət təminatı məsələləri, təhsilin beynəlmiləlləşdirilməsinin prioritet istiqamətləri və gənc tədqiqatçıların araşdırmaları bölmələrində davam etdirib.