CƏMİYYƏT
Bakı Biznes Universitetində keçirilən seminar əmək müqaviləsinin bağlanılması və onun şərtlərinin dəyişdirilməsi qaydalarına həsr olunub
Bakı, 17 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Biznes Universitetində əmək hüquqlarına dair növbəti maarifləndirici seminarı təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Xidmətin 2018-ci il üçün Tədbirlər Planına uyğun olaraq təşkil olunan, universitetin müəllim və tələbələrinin, ayrı-ayrı işəgötürənlərin iştirak etdiyi tədbir “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzusunda keçirilib.
Seminarı giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov universitetin müəllim heyətinin və gələcəkdə əmək bazarına daxil olmağa hazırlaşan tələbələrin əmək qanunvericiliyi, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməsi, bu sahədə qanunvericilikdən irəli gələn prosedurlar barədə maarifləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları əmək münasibətlərinin qanunvericiliklə və əmək müqaviləsi bağlamaqla tənzimlənməsinin hüquqi əsaslarını diqqətə çatdırıblar. Əmək müqaviləsinin bağlanması, onun şərtlərinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydalarından bəhs olunub. Əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının işçilərin əmək və sosial müdafiə hüquqlarına əsaslı təminat yaratdığı, müqavilə olmadan həyata keçirilən əmək münasibətlərinin isə işçinin gələcək sosial təminatına heç bir əsas, imkan yaratmayan qeyri-rəsmi məşğulluq halı olduğu vurğulanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemi, onun üstünlükləri, həmin sistemin tərkib hissələri olaraq göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin rəsmiləşdirilməsi bağlanmış əmək müqaviləsi müvafiq bildiriş formasında həmin elektron informasiya sisteminə daxil edilərək sistem tərəfindən qeydiyyata alınandan və bu barədə işəgötürənə elektron qaydada məlumat göndəriləndən sonra təmin edilir. Seminarda Əmək Müqaviləsi Bildirişlərinin Elektron İnformasiya Sistemindən istifadə prosedurları, əmək müqaviləsi bildirişlərinin gücləndirilmiş elektron imza vasitəsilə sistemə daxil edilməsi və qeydiyyatdan keçirilməsi qaydaları şərh edilib.
Seminarda işəgötürənin, habelə əmək müqaviləsi üzrə işçinin əsas hüquqları və vəzifələri barədə ətraflı məlumatlar verilib. İştirakçılara əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları barədə maarifləndirici bukletlər təqdim olunub, onların aidiyyəti mövzuda sualları cavablandırılaraq hüquqi izahatlar verilib.