CƏMİYYƏT
Bakı Dəmir Yolu Vağzalının ərazisində bir kiloqramdan çox heroini satmaq istəyən şəxs saxlanılıb
Bakı, 29 yanvar, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsi və alqı-satqısının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotik maddələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum edilmiş Azər Bayramov daxil olmuş məlumat əsasında Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Narkotiklərə Mübarizə Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı Dəmir Yolu Vağzalının ərazisində şübhəli şəxs qismində saxlanılıb. Baxış zamanı onun üzərindən hazır qablaşdırılmış formada olan külli miqdarda heroin aşkarlanaraq götürülüb.
Ekspertizaya təqdim olunan həmin narkotik vasitənin ümumi çəkisinin 1 kiloqram 455 qram heroin olması barədə rəy verilib.
Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. O, ifadəsində heroini satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.