CƏMİYYƏT


Bakı Dənizkənarı Bulvarda qazax alaçığı qurulub

Bakı, 1 avqust, AZƏRTAC

Qazaxıstan ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Dənizkənarı Bulvarda (Dəniz vağzalının yaxınlığında) qazax alaçığı qurulub.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, avqustun 6-dan 31-dək nümayiş olunacaq alaçıqda “Welcome to KZ” informasiya-turizm mərkəzi açılacaq. Burada iki sərginin keçirilməsi planlaşdırılır. Belə ki, daimi sərgidə Qazaxıstanın görməli yerləri haqqında stendlər, o cümlədən “Şımbulak” xizək kurortu (Almatı), “Baykonur” kosmodromu, “Kıran” şahin ovu mərkəzi (canlı şahin və şahinlə virtual ov dünyası), “Esentai Mall” ticarət və əyləncə mərkəzi (Almatı), “Air Astana” aviaşirkətinin turizm istiqamətləri barədə məlumat veriləcək.

Hər həftə dəyişilən sərgidə isə Almatı və Çimkent şəhərləri, Almatı, Türküstan və Manqistau vilayətlərinin turizm potensialı barədə təqdimatlar nümayiş olunacaq, mədəni, konsert və əyləncə proqramları keçiriləcək.

Ziyarətçilər qazax adət-ənənələri ilə tanış olmaq, videoçarxlara baxmaq, melodiyaları dinləmək və Böyük Çöl ölkəsinin milli yeməklərini dadmaq, qədim köçərilər dünyasına qərq olmaq və xatirə suvenirləri əldə etmək imkanı qazanacaqlar.

Tədbirlər Qazaxıstan səfirliyinin, “Discover Almaty” turizm şirkətinin, “Air Astana” aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.