CƏMİYYƏT
Bakı Dövlət Peşə Təhsil Mərkəzində gənclərə reproduktiv sağlamlıq haqqında məlumat verilib
Bakı, 10 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirici tədbir keçirilib.
İSİM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Peşə Təhsil Mərkəzinin direktoru Həsən Bayramov öz çıxışında tədbirlərin sağlam gəncliyin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova gender bərabərliyinin təmin edilməsi, narkomaniya, məişət zorakılığı, erkən nikahlar, qeyri-infeksion xəstəliklər və digər sahələr üzrə İSİM-lə birgə ölkə ərazisində keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb. İSİM-in səhiyyə siyasəti və planlaşdırma şöbəsinin həkim-mütəxəssisi Lətafət Dadaşova tələbələr qarşısında “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda geniş təqdimatla çıxış edərək ailə planlaşdırılması, cinsi yolla yoluxan infeksiyalar və müasir kontraseptivlər barədə məlumat verib. O, zərərli vərdişlərin reproduktiv sağlamlığa göstərdiyi mənfi təsirlərdən danışaraq, gəncləri sağlam həyat tərzi sürməyə çağırıb və onlara müvafiq tövsiyələrini çatdırıb.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərə maarifləndirici materiallar paylanılıb.