CƏBHƏ XƏBƏRLƏRİ


Bakı Dövlət Universiteti Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar bəyanat yayıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Dünya qloballaşmağa qədəm qoyduqca, cəmiyyətlərarası inteqrasiya gücləndikcə nədənsə beynəlxalq müstəvidə mövcud problemlər həll olunmaq əvəzinə, daha da çətinləşir və qəlizləşir. Halbuki beynəlxalq hüquq normaları kifayət qədər sahələrə nüfuz edib, güclü beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, ATƏT və s.) və geniş beynəlxalq müqavilələr sistemi qurulub, sivil və demokratik cəmiyyətlərin mövcud olduğu dövlətlər formalaşıb, mütərəqqi ideyalar daha da inkişaf edib. Bəs onda nə üçün təcavüzkarlıq, soyqırımı siyasəti daha da aktivləşir, adi elementar insan hüquqları ayaqlar altına salınır, dünya da buna susur? Başqa sözlə desək, Ermənistanın xalqımıza qarşı XIX əsrdən başlayan və XX əsrdən isə sürətlənən təcavüzkarlıq və soyqırımı siyasəti dünya ictimaiyyəti tərəfindən hələ də cavabsız qalıb. Təcavüz və soyqırımı siyasətinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etməsi isə beynəlxalq əməkdaşlıq siyasətinə ağır zərbələr vurmaqdadır. Beynəlxalq ictimaiyyətin həmin hadisələrə müəyyən mənada biganə qalması, son nəticədə beynəlxalq hüququn fəaliyyətsizliyi təəssüfləndirici hal kimi xüsusi qeyd olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakı Dövlət Universitetinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar yaydığı bəyanatda yer alıb. Bəyanatda deyilir: “Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə (822, 853, 874, 884 nömrəli) qəbul edilib. Lakin hələ də həmin qətnamələr yerinə yetirilməyib, bu da universal bir beynəlxalq təşkilat kimi BMT-nin nüfuzuna və onun beynəlxalq cəmiyyətdəki mövqeyinə ciddi zərbədir. ATƏT-in Minsk qrupu çərçivəsində 30 ilə yaxın müddətdə danışıqlar prosesi hələlik nəticə verməsə də, Azərbaycan ötən müddətdə münaqişənin həllində məhz beynəlxalq hüquq normalarına əsaslandığını ən müxtəlif səviyyələrdə sübuta yetirə bilib.

2020-ci ilin sentyabr ayının 27-dən yeni istiqamətdə başlanan və bu gün də davam edən Ermənistanın növbəti beynəlxalq cinayətlər siyasətinin ən ağır nəticəsi isə mülki əhaliyə qarşı edilən cinayətlərdir. Oktyabrın 10-da Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirləri humanitar atəşkəs elan edilməsi haqqında bəyanat qəbul edib. Lakin Ermənistan Respublikası nəinki buna əməl etməyib, əksinə, oktyabrın 11-də onu ciddi şəkildə pozaraq öz ərazisindən Gəncə və digər şəhərlərimizi “SKAD” tipli raket kompleksindən atəşə tutubdur. Bilavasitə Gəncəyə atılan ballistik raket nəticəsində 10 mülki şəxs həyatını itirib, 34 mülki şəxs isə yaralanıb. Yaralanan insanlardan 9-u uşaq, 10-u qadındır. Azərbaycan Respublikasına qarşı Ermənistanın təcavüzünün davamlılığını göstərən bu təxribat müharibə cinayətləri olmaqla, Ermənistanın, ilk növbədə, BMT Nizamnaməsini, Müharibə aparılmasının adət və qaydalarını müəyyən edən Haaqa Konvensiyalarını, Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə konvensiyalarını və həmin konvensiyalara edilən 1977-ci il tarixli Əlavə protokolları, Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu, o cümlədən ayrı-ayrı silah növlərindən istifadə ilə bağlı beynəlxalq müqavilələrlə müəyyən edilmiş hüquq normalarını, həmçinin mülki əhalinin hərbi əməliyyatların təhlükəsindən müdafiə edilməsi ilə bağlı ümumi hüquq prinsipini kobud şəkildə pozur. Quru müharibəsinin qanun və adətləri haqqında 1907-ci il Haaqa Konvensiyasına Əlavənin 25-ci maddəsinə əsasən, müdafiə olunmayan şəhərin, kəndin, yaşayış yerinin və ya tikilinin hücuma məruz qalması və ya bombalanması birmənalı olaraq qadağandır. 1949-cu il Cenevrə konvensiyalarına əlavə olunan Beynəlxalq silahlı münaqişə qurbanlarının himayəsinə həsr edilən 1977-ci il Protokolunun (I Protokol) 51-ci maddəsinə müvafiq olaraq, mülki əhali hücum obyekti ola bilməz. 85-ci maddəyə müvafiq olaraq, mülki əhalini hücum obyektinə çevirmək, mülki şəxslər arasında hədsiz tələfata, yaralanmaya və ya mülki obyektlərə ziyan dəyməsinə səbəb olacağını bilə-bilə mülki əhaliyə və ya mülki obyektlərə toxunan hücumlar etmək ciddi beynəlxalq hüquq pozuntusu sayılır. Statutun 8-ci maddəsinə əsasən, qəsdən mülki əhaliyə, yaxud bilavasitə hərbi əməliyyatlarda iştirak etməyən ayrı-ayrı şəxslərə hücum etmək, qəsdən mülki obyektlərə hücum etmək, müdafiəsiz və hərbi məqsədlər daşımayan şəhər, kənd, yaşayış yerləri və binalara hücum etmək və ya onları hər vasitələrlə atəşə tutmaq müharibə cinayətləridir və cəzalandırılmalıdır.

Bütövlükdə Ermənistanın bu addımı Müharibə dövründə mülki əhalinin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyasının və bu cür silahların mülki əhaliyə qarşı istifadəsini qadağan edən beynəlxalq sazişlərin müddəalarına ziddir və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verir.

Hesab edirik ki, Ermənistanın bu cür silahlarla təchiz edənlər də həmin silahların qanunsuz istifadəsinə görə məsuliyyəti bölüşməlidirlər. Təəssüflər olsun ki, bu gün də silahların təchizatı dayandırılmayıb, əksinə, daha iri həcmdə davam etməkdədir. Təəssüf doğuran digər bir məsələ, bu təchizatın mülki aviasiya vasitəsilə həyata keçirilməsidir. Mülki aviasiyadan bu məqsədlə istifadə edilməsi, “Beynəlxalq mülki aviasiya haqqında” 1944-cü il Konvensiyasına birbaşa ziddir. Konvensiyanın 4-cü maddəsinə müvafiq olaraq, mülki aviasiyanın Konvensiyanın məqsədlərinə uyğun olmayan hər hansı məqsədlə istifadə olunması yolverilməzdir. Hesab edirik ki, universal və regional kollektiv təhlükəsizliyin üzvü olan, ən azından sülhməramlı missiyanı üzərinə götürən dövlətlər, bu addımların qarşısının alınmasına öz töhfələrini verməli və regionda yaranmış gərginliyin aradan qaldırılmasına nail olmalıdırlar. Eyni zamanda, beynəlxalq cəmiyyət Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməklə öz qanunsuz əməllərindən əl çəkməyə ciddi təsir göstərməli və Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək verməlidir.

BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiqliyini bir daha göstərir. Ermənistan isə ikili standartlarla pərdələnərək özünün işğalçılıq və hələ də davam edən beynəlxalq cinayətlər törətmək siyasətindən əl çəkmir. Azərbaycan beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığı kimi, beynəlxalq cinayətlər törətmiş Ermənistanın və aidiyyəti şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüququn tamhüquqlu subyekti olaraq beynəlxalq hüquq normaları ilə müəyyən olunmuş subyektiv imkanlara və onların lazımınca realizəsini tələb etmək hüququna malikdir. Ümidvarıq ki, tezliklə beynəlxalq hüquq ikili standartlardan azad olunmaqla cəzasızlıq mühiti də aradan qalxacaq və beynəlxalq-hüquqi məsuliyyət normaları tam gücü ilə fəaliyyət göstərəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.