ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti: “Motivasiya” klubunun növbəti təlimi
Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Motivasiya” klubunun “İnsan necə dəyişə bilər” adlı növbəti təlimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə təlimçi, Kitabxanaçılıq və informasiya fakültəsinin tələbəsi Nərmin Sadıqova tələbələrə pis vərdişlərdən uzaq olmaq, özünü inkişaf etdirmək haqqında danışıb, hədəflərə çatmaq və yüksək nəticələr əldə etmək üçün motivasiyanın vacibliyini vurğulayıb.
Təlimçi, eyni zamanda, motivasiya və gənclərin hərtərəfli biliyə sahib olması, müstəqil düşünməsi, dünyagörüşünün formalaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
Sonra müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.