ELM VƏ TƏHSİL


Bakı Dövlət Universiteti Vətən müharibəsi dövründə medianın fəaliyyətini təhlil edəcək yeni layihəyə start verib

Bakı, 16 noyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) yeni layihəyə start verib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində Vətən müharibəsi dövründə yerli və xarici medianın fəaliyyəti təhlil ediləcək, analitik tədqiqatlar aparılacaq. Layihəyə rəhbərliyi onun ideya müəllifi BDU-nun rektoru Elçin Babayev həyata keçirəcək. Layihə Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi uğrunda 44 gün davam edən və ordumuzun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsi dövründə media və informasiya müharibəsi ilə bağlı bir çox məsələlərin tədqiqinə həsr olunub.

Layihənin işçi qrupuna BDU-nun Jurnalistika fakültəsinin tanınmış alimləri ilə yanaşı, ölkənin bir sıra nüfuzlu media mütəxəssisləri, beynəlxalq jurnalistika tədqiqatçıları, habelə gənc araşdırmaçılar, doktorant və magistrantlar daxil edilib. Qrupun tərkibində 4 bölmə fəaliyyət göstərəcək. İşçi qrup Prezident İlham Əliyevin xarici KİV-ə müsahibələrini, bu müsahibələrin Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya müharibəsində oynadığı əvəzolunmaz rolu, Vətən müharibəsinin beynəlxalq mediada işıqlandırılması, beynəlxalq jurnalist təşkilatlarının mövqeyi, Vətən müharibəsində ölkə mediasının fəaliyyəti, BDU əməkdaşlarının Vətən müharibəsi dövründə ölkə mediasında çıxışlarının təhlili və s. istiqamətdə təhlillər aparacaq və analitik hesabat hazırlayacaq. Hesabat hazırlanarkən jurnalistikanın elmi prinsiplərinə normalarına, beynəlxalq jurnalistika təşkilatlarının təcrübəsinə, həmçinin beynəlxalq təşkilatların (UNESCO, ATƏT, AŞPA) jurnalistin peşə fəaliyyəti ilə bağlı qəbul etdikləri tövsiyə xarakterli sənədlərə istinad ediləcək. İşçi qrupun fəaliyyəti haqqında ictimaiyyətə müntəzəm məlumat veriləcək, layihənin nəticələri Azərbaycan dilində və xarici dillərdə kitab və məqalələr şəklində nəşr olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.