ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Berlin Humboldt Universiteti arasında müqavilə imzalanıb
Bakı, 10 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə BDU ilə Berlin Humboldt Universiteti arasında “Erasmus+Kao1” tələbə-müəllim mübadilə proqramı çərçivəsində müqavilə imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan danışıb. Berlin Humboldt Universitetinin nümayəndələri ilə görüşləri xatırladan rektor doktorant mübadiləsi istiqamətində yeni layihəyə başlanılmasından məmnunluğunu ifadə edib.
Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb. Əmək fəaliyyəti barədə məlumat verən qonaq BDU-nun şərqşünaslıq fakültəsində ərəb dili, Leyptsiq Universitetində isə rus dili tərcüməçiliyi üzrə təhsil aldığını, 1985-ci ildə Qrayfsvalt Universitetində müasir tarix üzrə doktorantura dərəcəsinə yiyələndiyini qeyd edib. BDU-nun beynəlxalq əlaqələr departamenti və tarix fakültəsinin müəllimləri ilə səmərəli görüşlər keçirdiklərini söyləyən almaniyalı professor əlaqələrin bundan sonrakı inkişafında da maraqlı olduğunu vurğulayıb.