ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti ilə Yaponiyanın ali məktəbləri arasında əməkdaşlıq genişlənir
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov Azərbaycanda səfərdə olan Yaponiyanın Komatsu şəhərinin meri Şinji Vadanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib. Rektor universitetin beynəlxalq əlaqələri, o cümlədən Yaponiyanın ali məktəbləri ilə qurulan uğurlu əməkdaşlıqdan danışıb, yapon dilinin Azərbaycanda ilk dəfə BDU-da 2000-ci ildən tədris olunduğunu xatırladıb. A.Məhərrəmov ötən ay BDU-nun şərqşünaslıq fakültəsində Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə nəticəsində əsaslı təmir və müasir texniki avadanlıqla təmin edilmiş auditoriyaların istifadəyə verilməsini yüksək dəyərləndirib.
Ş.Vada BDU-nun Yaponiya universitetləri ilə əməkdaşlığını, o cümlədən yapon dilinin tədrisi nəticəsində yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, elm, təhsil sahələrindəki layihələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Sonda qonaqlar BDU-nun Nano Araşdırmalar Mərkəzi, tədris və elmi tədqiqat laboratoriyaları, o cümlədən Yaponiya hökuməti tərəfindən maliyyələşdirilən layihə çərçivəsində şərqşünaslıq fakültəsində cari tədris ilində istifadəyə verilmiş auditoriyalarla tanış olublar.