ELM VƏ TƏHSİL
Bakı Dövlət Universiteti məcburi köçkünlərimizin pozulmuş hüquqlarına dair kompleks beynəlxalq hesabat hazırlayacaq
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrası “İşğal altında olmuş Azərbaycan Respublikası ərazilərində məcburi köçkünlərin pozulmuş hüquqlarına dair” kompleks beynəlxalq hesabat hazırlanması üzrə yeni bir layihəyə başlayıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, layihəyə rəhbərliyi onun ideya müəllifi universitetin rektoru Elçin Babayev həyata keçirəcək. Rektorun əmri ilə layihə üzrə müvafiq İşçi qrupu yaradılıb. İşçi qrupuna Ukrayna, Rusiya, Türkiyə və Qazaxıstanın, o cümlədən Azərbaycanın müxtəlif ali məktəblərinin tanınmış hüquqşünas alimləri, habelə gənc tədqiqatçılar, magistrantlar və tələbələr daxil edilib. İşçi qrupunun həmsədrləri BDU-nun “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının müdiri Əmir Əliyev, həmin kafedranın müəllimi, eyni zamanda “MG Konsaltinq” şirkətinin rəhbəri Məhəmməd Quluzadə və BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovdur. İşçi qrupunun tərkibində 10-a yaxın bölmə və katiblik, eyni zamanda, internet saytı fəaliyyət göstərəcək.
Hesabatın əsas məqsədi işğal altında olmuş Azərbaycan Respublikası ərazilərindən məcburi köçkünlərin mühüm beynəlxalq sənədlərlə tanınaraq pozulmuş hüquqları, işğalla əlaqədar vurulmuş ziyanların əhatə dairəsi, işğal dövründə törədilən beynəlxalq cinayətlər, Ermənistanın beynəlxalq-hüquqi məsuliyyətinin əsasları, işğal altında olmuş ərazilərimiz üçün zərurət duyulan humanitar yardım və sair aktual problemlərin beynəlxalq-hüquqi həlli məsələlərini müəyyənləşdirməkdir.
Kompleks beynəlxalq hesabatın yazılmasında beynəlxalq təşkilatların təcrübəsinə, beynəlxalq müqavilə və məhkəmə təcrübəsinə, nəhayət, müxtəlif dövlətlərin milli qanunvericilik təcrübəsinə geniş istinad ediləcək. Hesabat bütün beynəlxalq hökumətlərarası və qeyri-hökumət təşkilatlarına, insan hüquqlarının beynəlxalq sahədəki mexanizmlərinə, o cümlədən müxtəlif ölkələrin dövlət və qeyri-hökumət qurumlarına göndəriləcək.
Bakı Dövlət Universiteti kompleks beynəlxalq hesabatın hazırlanması ərəfəsində yerli və beynəlxalq ictimaiyyəti müntəzəm şəkildə məlumatlandıracaq. İşçi qrupuna daxil olmaq istəyən hüquqşünas alim və ekspertlər [email protected] ünvanına müraciət edə bilərlər.