ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində 28 May - Respublika Günü qeyd edilib
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 28 May - Respublika Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixindən, 23 ay ərzində maarifçilik, səhiyyə, mədəniyyət, incəsənət, kənd təsərrüfatının inkişafı kimi strateji sahələrdə qəbul edilmiş qərarlardan danışıb. AXC-nin dövlətçilik tariximizdəki rolundan və əhəmiyyətindən danışan rektor, eyni zamanda, cümhuriyyətin ən böyük uğurlarından biri kimi Bakı Dövlət Universitetinin yaradılmasını diqqətə çatdırıb. Tariximizin önəmli mərhələsinin yenidən bərpasına ümummilli lider Heydər Əliyev tərəfindən xüsusi qiymət verildiyini vurğulayan A.Məhərrəmov Ulu Öndərin müstəqilliyimizin qorunması və əbədiliyinin təmin edilməsi siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, BDU-nun kafedra müdiri, professor Ziyafət Əsgərov məruzəsində AXC-nin tariximizdəki rolundan, ölkəmizin son illərdə artan beynəlxalq nüfuzundan danışıb.
Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov tələbələr tərəfindən səhnələşdirilmiş “Vaqif” pyesi haqqında məlumat verib, Azərbaycan xalqının milli azadlıq mübarizəsini əks etdirən bu pyesi hazırlamaq üçün tələbələrin bir aydan artıq ruh yüksəkliyi ilə məşq etdiklərini söyləyib.
Sonda filologiya fakültəsi tələbələrinin təqdimatinda “Vaqif” pyesi nümayiş etdirilib.