ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində Kimya fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş keçirilib
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Bakı Dövlət Universitetində Kimya fakültəsinin birinci kurs tələbələri ilə onlayn görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, dekan, professor Abdulsəyid Əzizov tələbə adını qazanmış gəncləri təbrik edərək onlara Kimya fakültəsi haqqında ətraflı məlumat verib. Dekan ölkənin flaqman elm ocağı olan Bakı Dövlət Universitetində keyfiyyətli təhsil üçün müasir infrastrukturun olduğunu və tədris prosesində kommunikasiya texnologiyalarının verdiyi imkanlardan geniş istifadə edildiyini bildirib.
Virtual görüşdə çıxış edən dekan müavinləri Fuad Kərimli, Taleh Qəhrəmanov, professorlar Teymur İlyaslı, Namiq Şıxəliyev tələbələrə onlayn və ya ənənəvi formatdan asılı olmayaraq, təhsil üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə ediblər.
“Microsoft Teams” platforması üzərindən keçirilən görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.