ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində Ömər Faiq Nemanzadənin varisləri ilə görüş

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, publisist, pedaqoq, “Qeyrət” mətbəəsinin və “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi Ömər Faiq Nemanzadənin nəvəsi Fuad Pepinov və nəticəsi Ülviyyə Pepinova ilə görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva böyük ədib və publisist Ömər Faiqin milli mətbuatımızın formalaşmasındakı rolundan danışıb, daha sonra qonaqlar haqqında qısa məlumat verib.

Ömər Faiq Nemanzadənin xaricdə yaşayan varisləri Şuşada keçirilən Zəfər Qurultayında iştirak etmək məqsədilə Bakıya gəliblər. Fuad Pepinov 2017-ci ilə qədər Rusiya Elmlər Akademiyasının İnformasiya Problemləri İnstitutunda şöbə müdiri işləyib. Ülviyyə Pepinova Böyük Britaniyada Azərbaycan icmasının fəal üzvüdür, hazırda Böyük Britaniya-Azərbaycan Ticarət Palatasında işləyir.

Qonaqlar böyük ustad haqqında ailə xatirələrini bölüşüblər. Repressiya qurbanı olan Ömər Faiqin ən böyük arzusunun milli universitetlərin açılması olduğunu qeyd edən qonaqlar Azərbaycanın ilk ali təhsil ocağında olmaqlarından qürur duyduqlarını söyləyiblər.

Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli belə görüşlərin tələbələr üçün faydasından bəhs edib, Ömər Faiq Nemanzadənin, o cümlədən klassiklərimizin irsinin öyrənilməsinin vacibliyindən danışıb.

Professor Nəsiman Yaqublu Ömər Faiq Nemanzadənin milli mətbuatımızın inkişafına verdiyi töhfələrlə bağlı məruzə edib, onun həm də görkəmli ictimai xadim kimi milli dövlətçilik ideyası aspektindən fəaliyyətinə nəzər salıb.

Tanınmış jurnalist Ülkər Hüseynova tədbirdə çıxış edərək, Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin yaxınlaşdığını vurğulayıb, həyatını Azərbaycanda milli mətbuatın yaradılmasına, türk xalqlarının maariflənməsinə həsr edən bu şəxsiyyətin xatirəsinin daim yaddaşlarda yaşayacağını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.