ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində almaniyalı alimin elmi məruzəsi dinlənilib
Bakı, 12 yanvar, AZƏRTAC
Almaniyanın Höte adına Frankfurt Universitetinin professoru, “HADES” təcrübəsinin sədri, professor Yoaxim Strot Bakı Dövlət Universitetinin (BDU) fizika fakültəsində olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor Y.Strot “Adron materiyasının virtual fotonlarla tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Almaniyalı alim müasir nüvə fizikasının fundamental problemləri, onların “HADES” təcrübəsində öyrənilməsi və alınmış nəticələr, elementar proton-proton, eləcə də proton-nüvə və nüvə-nüvə toqquşmalarında alınmış nəticələrin əlaqələri və onların müqayisəli təhlili barədə danışıb.
Y.Strot, eyni zamanda, Ağır İonların Elmi Tədqiqatları Mərkəzinin gələcək planları və genişləndirilməkdə olan sürətləndirici kompleksindən, FAİR layihəsindən bəhs edib.
Sonra alim sualları cavablandırıb.