ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində bayram tədbiri: “Türk xalqlarında Novruz”
Bakı, 16 mart, AZƏRTAC
Martın 16-da Bakı Dövlət Universitetində (BDU) Novruz bayramına həsr edilən “Türk xalqlarında Novruz” adlı tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın ölkəmizdəki səfirlikləri nümayəndələrinin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Novruz barədə fikirlərini bildirən rektor ürəklərə sonsuz sevgi və məhəbbət bəxş edən bu bayramın türk xalqları tərəfindən geniş qeyd olunduğunu vurğulayıb.
Akademik A.Məhərrəmov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində Novruz bayramının 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini, həmçinin 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunduğunu xatırladıb.
Milli adət-ənənələrimizin əhəmiyyətini diqqətə çatdıran rektor bayram münasibətilə müəllim və tələbələri təbrik edib, uğurlar arzulayıb.
Tədbirdə türk xalqlarının milli adət-ənənələrini, Novruz rəmzlərini əks etdirən sərgilər, bayram süfrələri böyük maraq doğurub.
Sonra bayrama həsr olunan konsert proqramı nümayiş etdirilib.