ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində buraxılış işlərinin onlayn müdafiəsi davam edir
Bakı, 27 iyun, AZƏRTAC
2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetində (BDU) bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işinin müdafiəsi formasında nəzərdə tutulmuş 487 tələbə üçün onlayn müdafiə prosesi təşkil olunur. Magistratura səviyyəsində isə 768 magistrantın onlayn dissertasiya işinin müdafiəsi nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, buraxılış işləri universitetin müvafiq kafedrasına müəyyən edilmiş müddət ərzində təqdim olunub. Həmçinin tələbə müraciət etdiyi təqdirdə buraxılış işini müdafiə etmədən ümumi orta müvəffəqiyyət göstəricisinə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab edilir. Magistrlik dissertasiyalarının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında onlayn qaydada həyata keçirilir.
BDU-nun rektoru Elçin Babayev müdafiə prosesində mütəmadi iştirak edərək tələbələrin müxtəlif mövzularda buraxılış işlərinin təqdimatını dinləyir, tövsiyələrini verir, onlara mövzu ətrafında suallar ünvanlayır. Müdafiə prosesində prorektorlar, dekanlar və kafedra müəllimləri də iştirak edirlər.
Komissiya sədri və üzvlərinin suallarını ətraflı cavablandıran tələbələr müvəffəq nəticələr qazanırlar. Tələbələr biliklərinin formalaşmasında əməyi keçən müəllimlərinə minnətdarlıqlarını bildirir, həmçinin BDU-da əldə etdikləri bilik və təcrübənin onların gələcək fəaliyyətlərində mühüm rol oynayacağını qeyd edirlər.
BDU-nun bütün fakültələrində və Qazax filialında bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulan cari attestasiyalardan müvəffəqiyyətlə keçmiş və yekun dövlət attestasiyası buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuş sonuncu kurs tələbələri təhsil müddətində əldə etdiyi nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə) uyğun olaraq attestasiyadan keçmiş hesab olunurlar.