ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində elektronlaşma prosesinə start verilib
Bakı, 23 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetində elektronlaşma prosesinə start verilib. Kompleks şəkildə aparılacaq proses təhsili, elmi tədqiqatları, inzibati idarəetməni, təsərrüfat işlərinin idarə olunmasını əhatə edəcək.
Bu fikirləri yanvarın 23-də Bakı Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasında imtahanlara ictimai baxışda AZƏRTAC-a açıqlamasında rektor Elçin Babayev deyib.
O bildirib ki, elektronlaşma prosesi BDU-nun müəllim və tələbələri tərəfindən aparılacaq.
“Elektronlaşmada universitetin daxili imkanlarından istifadə yolu ilə maliyyə vəsaitinə qənaət etmiş olacağıq. Ən əsası isə bu proses tələbələrimizin təcrübə toplamasına, kadr hazırlığına müsbət təsir göstərəcək. BDU-nun elektronlaşma istiqamətində kadr hazırlayan 2 fakültəsi var. Elektronlaşma prosesi universitetin bu sahədə potensialını üzə çıxarmağa da imkan verəcək”, – deyə Elçin Babayev qeyd edib.
Rektor məlumat verib ki, daxili təcrübə ilə yanaşı, universitetlərarası əməkdaşlıq çərçivəsində İsrailin Holon Texnologiya İnstitutunun təcrübəsindən də istifadə olunacaq.