ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində hüquq elminin və təhsilinin inkişaf tendensiyaları araşdırılır
Bakı, 1 iyun AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Müasir dövrdə Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin əsas inkişaf tendensiyaları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.
Cəmiyyətin tərəqqisində elm və təhsilin mühüm rolunu qeyd edən rektor BDU-da bu sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Akademik A.Məhərrəmov, eyni zamanda, konfransın əhəmiyyətini vurğulayıb.
Ukraynalı akademik Oleq Zayçuk hüquq elminin və təhsilinin inkişaf tendensiyaları ilə bağlı fikirlərini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının rektoru, polis general–mayoru Nazim Əliyev ümummilli lider Heydər Əliyevin elm, təhsil sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib, dahi rəhbərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulayıb.
N.Əliyev elm və təhsildə, o cümlədən hüquq elmi və təhsili sahəsində qazanılan nailiyyətlərdən danışıb.
BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Müasir dövrdə informasiya hüququnun formalaşması və əsas inkişaf tendensiyaları” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində BDU ilə Polis Akademiyası arasında təhsil və elmi əməkdaşlığa dair memorandum imzalanıb.
Sonra “İnsan hüquqları və informasiya hüququ”, “Beynəlxalq hüquq və Avropa hüququ”, “Hüquq nəzəriyyəsi və Konstitusiya hüququ”, “Mülki hüquq, kommersiya hüququ və əmək hüququ” və digər bölmələr üzrə keçirilən konfransda müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq konfrans iyunun 2-də başa çatacaq.