ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində imtahan sessiyasını müvəffəqiyyətlə başa vuran “SABAH” qruplarının tələbələri təhsillə bağlı fikirlərini bölüşüblər

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) imtahan sessiyasını müvəffəqiyyətlə başa vuran “SABAH” qruplarının tələbələri təhsillə bağlı fikirlərini açıqlayıblar.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, onlayn tədris ili yüksək səviyyədə təşkil olundu. BDU-nun “SABAH” qruplarında təhsil alan tələbələr üçün də cari tədris ili yaddaqalan oldu.

Fizika fakültəsinin ll kurs tələbəsi Firəngiz Qurbanova: “Təhsil sonsuz yoldur. “SABAH” qrupları bu yolda tələbələrin daha sürətli irəliləməsinə təkandır. Burada tələbəyə motivasiya olaraq keyfiyyətli təhsil almaq imkanları yaradılır və əlavə olaraq “SABAH” təqaüdü verilir, bu da bir növ rəqabətin olmasına şərait yaradır. Məlum olduğu kimi, rəqabət olmayan yerdə inkişafdan söz gedə bilməz.

Son imtahan sessiyasında 8 fəndən imtahan verdim. Əvvəlki imtahanlarda olduğu kimi, bu sessiya da həyəcanlı keçdi. Buna baxmayaraq, ümumi orta müvəffəqiyyət göstəricim yüksək oldu. Təhsilimin yüksək qiymətləndirilməsi məni daha da ruhlandırır. Sessiyanı 100 bal ortalama ilə bitirməyimin sirri, ilk növbədə, dərslərdə fəal iştirak etmək, hər fənni həvəslə, sevərək oxumaqdır. Ən əsası, sadəcə sessiya ərzində deyil, bütün semestr boyu sistemli şəkildə oxumaqdır. Tələbələrə tövsiyə edərdim ki, BDU-da təhsil almağın bir qürur olduğunu bilsinlər. Təhsil aldıqları müddətdə mühazirələri diqqətlə dinləsinlər”.

Hüquq fakültəsinin II kurs tələbəsi Sadiq Hacılı: “Mən 2019-cu ildə 692 balla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olmuşam. Hazırda “SABAH” qrupları hüquqşünaslıq ixtisasında təhsil alıram və ikinci akademik ilimi başa vururam. “SABAH” qruplarında oxumaq olduqca məsuliyyətli, həm də keyfiyyətli və faydalıdır.

Cari tədris ilində də əvvəlki illərdə olduğu kimi, imtahan sessiyası obyektiv keçdi. İstər sessiyadan əvvəl, istərsə də sessiya dövründə müəllimlərimizin köməyi ilə bütün mövzuları yüksək səviyyədə mənimsədik.”

Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Katya İbrahimli: “Mən riyaziyyat müəllimliyi ixtisası üzrə 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını 100 bal ortalama ilə tamamlamışam. İmtahan sessiyası zamanı heç bir problem və çətinliklə qarşılaşmadan imtahanları müvəffəqiyyətlə verdim. Təbii ki, qazanılan uğurda onlayn imtahanların təşkilini həyata keçirən universitet rəhbərliyinin, daim fəal müzakirələr və məsləhət saatları keçirən müəllim və tələbə kollektivinin xüsusi rolu oldu.

Təhsilimdə əldə etdiyim nailiyyətlərdə “SABAH” qruplarında oxumağımın çox böyük əhəmiyyəti var. Abituriyentlərə tövsiyə edərdim ki, tələbə olduqları zamanda yalnız sessiya ərzində deyil, müvəffəqiyyət və uğur əldə etmək üçün daim çalışsınlar”.

Hüquq fakültəsinin III kurs tələbəsi Röya Mirtalıbova: “2018-ci ildə orta məktəbi qızıl medal və fərqlənmə attestatı ilə bitirmişəm. Həmin il qəbul imtahanında 696 bal toplayaraq BDU-nun Hüquq fakültəsinə qəbul olmuşam.

Bu semestr tələbəlik dövrümün ən çətin sessiyası oldu desəm, yanılmaram. Buna baxmayaraq, sessiya maraqlı keçdi. Sessiyanı 100 bal ortalama ilə bitirməyi böyük uğur hesab edirəm.

Mənim həyatda bir formulum var: uğur = istəmək + inanmaq + çalışmaq. Fikrimcə, bütün uğurlarımın, eləcə də çətin bir sessiyanı maksimum qiymətlərlə başa vurmağımın sirri də elə bu formulu daim rəhbər tutaraq irəliləməyimdir. Bütün bunlarla bərabər, yüksək əzm və iradə ilə, yorulmadan çalışaraq semestri maksimum ortalama ilə başa vurdum.

Bakı Dövlət Universitetində oxumaq bir fürsətdir. İstərdim ki, tələbələr bu şansdan istifadə etsinlər və yorulmadan çalışsınlar. Əminəm ki, gələcəkdə mütləq bəhrəsini görəcəklər. Bütün tələbələrə uğurlar arzu edirəm”.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi Murad Möhsümzadə: “2018-ci ildə Bakı Dövlət Universitetinin əyani və ödənişsiz əsaslarla Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə qəbul oldum. Birinci kursu bitirdikdən sonra “SABAH” qruplarına daxil oldum.

BDU-da oxumaq mənim ən böyük arzularımdan biri idi və buna nail oldum. BDU-nun “SABAH” qruplarında oxumaq tələbəlik həyatımın daha da maraqlı keçməyinə səbəb olub.

İmtahan sessiyası həyəcanlı və maraqlı keçdi. Sessiyanı 100 bal ortalama ilə bitirməyimin səbəbi öncə seminarlarda daha fəal olmağım və dərslərə məsuliyyətlə yanaşmağımdır. Uğur qazanmaq üçün daim çox çalışmaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.