CƏMİYYƏT
Bakı Dövlət Universitetində keçirilən aktiv məşğulluq tədbirində tələbə və məzunlara 65 müəssisədən 377 boş iş yeri təklif olunub
Bakı, 26 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Bakı Dövlət Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə tələbə və məzunlara yiyələndikləri ixtisaslar üzrə əmək bazarında mövcud olan tələbat haqqında məlumat verilib, onlara işəgötürənlərlə ilkin əlaqələr qurmaq imkanı yaradılıb. Tədbirin keçirilməsinin əsas məqsədi işəgötürənlərlə yuxarı kurs tələbələrini bir araya gətirmək, əmək fəaliyyətinə başlamaq istəyən gəncləri əmək bazarının mövcud iş imkanları ilə tanış etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev və Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin iştirak etdiyi tədbirdə ölkəmizdə gənclər arasında məşğulluq səviyyəsinin yüksəldilməsinin dövlətin məşğulluq siyasətinin mühüm tərkib hissəsi olduğu və bu istiqamətdə tədbirlərin ildən-ilə gücləndiyi qeyd olunub. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq orqanları tərəfindən bu ilin səkkiz ayı ərzində işlə təmin olunanların 14 min 56 nəfəri, peşə hazırlığı kurslarına cəlb edilənlərin 465 nəfəri, haqqı ödənilən ictimai işlərə cəlb olunanların isə 7 min 945 nəfəri gənclərdən ibarət olub.
Onu da qeyd edək ki, bu il ərzində 10 universitetdə belə tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirdə tələbə və məzunlara 65 müəssisədən, ümumilikdə 377 boş (vakant) iş yeri təklif olunub.
Gənclər işəgötürənlərlə ilkin ünsiyyət quraraq, şəxsi məlumatlarını (CV) təqdim ediblər. İşəgötürənlərə isə müvafiq ixtisaslar üçün kadr seçimini aparmaq imkanı yaradılıb. Həmçinin boş (vakant) iş yerlərinə göndərişlər verilib, təcrübə proqramlarına cəlb edilmək istəyənlərin qeydiyyatı aparılıb.