ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində kristalloqraf alimin 80 illik yubileyi qeyd olunub
Bakı, 23 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) tanınmış kristalloqraf alim, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Məmməd Çıraqovun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov professor M.Çıraqovun həyat və elmi yaradıcılığından danışıb. Bildirilib ki, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük rolu olan alim kristalloqrafiya, kristallokimya sahəsində bir çox elmi yeniliklərin müəllifi kimi yalnız respublikada deyil, onun hüdudlarından kənarda da tanınır. M.Çıraqov 200-dən çox elmi əsərin, dəyərli monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Universitetin geologiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova, coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədov və digər çıxış edənlər professor M.Çıraqovun elmə, təhsilə verdiyi töhfələrdən, onun əsərlərinin əhəmiyyətindən bəhs ediblər.
Sonda M.Çıraqov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.