ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində onlayn elmi seminar: Onlayn dərslərin təkmilləşdirilməsi yolları
Bakı, 9 iyul, AZƏRTAC
İyulun 9-da Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə "Onlayn dərslərin təkmilləşdirilməsi yolları" mövzusunda onlayn elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, moderator, Sosial elmlər və psixologiya fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Qızılgül Abbasova koronavirus (“COVID-19”) epidemiyasının yayılmasının qarşısını almaq məqsədi ilə bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması səbəbindən universitetdə onlayn dərslərin və yaz imtahan sessiyasının uğurla təşkil olunduğunu qeyd edib. Məsafədən dərslərin təşkilinin ölkəmizdə ilk təcrübə olduğunu bildirən Q.Abbasova fakültənin hər bir müəlliminin böyük təəssübkeşlik hissləri ilə bu prosesin reallaşmasına öz töhfəsini verə bildiyini söyləyib.
Sonra Gender və tətbiqi psixologiya kafedrasının dosenti Elmina Kazımzadə, Fəlsəfə kafedrasının müəllimi Nəzakət Kərimova, Pedaqogika kafedrasının professoru Nübar Muxtarova, Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova məsafədən dərslərin təkmilləşdirilməsi yolları ilə bağlı öz fikirlərini səsləndiriblər. Çıxışlarda məsafədən - internet üzərindən tədrisin təşkilinin önəmli cəhətləri, müasir təlim texnologiyaları, onlayn tədris materiallarının əlçatan olmasını təmin etmək, tələbələrdə onlayn tədrislə bağlı bacarıq və vərdişlərin formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının, interaktiv metodların tədris prosesinə tətbiq edilməsi, "Microsoft teams" platformasının mənfi və müsbət tərəfləri kimi problemlərə toxunulub.
Psixologiya kafedrasının dosenti Kamilə Kazımova "Tələbələrdə motivasiyanın formalaşdırılması imkanları və onlardan istifadə xüsusiyyətləri" (tədris proqramının mövzularının izahında texniki vasitədən istifadə olunma) adlı təqdimatla çıxış edərək tələbələrin motivasiyasına təsir edən amillər, tələbə motivasiyasının aşağı olma səbəbləri, daxili və xarici motivasiya metodları arasında balansın yaradılması, müəllimin tələbələri motivasiya etməkdə rolu kimi məsələlərə aydınlıq gətirib.
BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Hüseyn Məmmədov bildirib ki, artıq bütün dünyada ali təhsilin formasında kəskin surətdə yeniliklər baş verib, innovasiyaların dinamik surəti tədris müəssisələrini yeni texnologiyaların təlim prosesinə tətbiqi ilə bağlı qətiyyətli addımlar atmağa vadar edib.
Qeyd edək ki, diskussiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.