MƏDƏNİYYƏT


Bakı Dövlət Universitetində şair Qəşəm Nəcəfzadə ilə görüş

Bakı, 6 aprel, Zərəngiz Mansurova, AZƏRTAC 

Bakı Dövlət Universitetində tanınmış şair Qəşəm Nəcəfzadə ilə müəllim və tələbələrin görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, universitetin müəllimi Daşqın Qəmbərov şairlərlə görüşün tələbələrin ədəbi dünya görüşünün, milli vətənpərvərlik hisslərinin formalaşmasında böyük rolu olduğunu bildirib. Sonra o, Qəşəm Nəcəfzadənin yaradıcılığı haqqında qısa məlumat verib.

Bildirib ki, Qəşəm Nəcəfzadə 1959-cu il aprelin 1-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. Gəncə Dövlət Universitetinin dil -ədəbiyyat fakültəsini bitirib. Uzun müddət orta məktəb və universitetlərdə ədəbiyyat müəllimi işləyib. “Mədəniyyət” qəzetində məsul katib vəzifəsində çalışıb. 1986-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Hazırda Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü, Uşaq ədəbiyyatı şöbəsinin rəhbəri, “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri vəzifəsində çalışır.

Hollandiyada 2007-ci ildə keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalında iştirak edib. Tofiq Mahmud, Beynəlxalq Rəsul Rza mükafatına layiq görülüb.

Şeirləri ingilis, özbək, qırğız, fransız, alman, alban, gürcü, rus, ispan, fars, polyak və başqa dillərə tərcümə olunub. Şairin indiyə kimi 25 kitabı çap edilib.

Tədbirdə Əməkdar Jurnalist, şair Murad Qoçuoğlu, Bakı Dövlət Universitetinin müəllimləri Knyaz Aslan, Əlamdar Cabbarlı, şairlər - Balayar Sadiq, Nuranə Nur, Fərqanə Mehdiyeva, yazıçı Səyyad Aran və başqaları Qəşəm Nəcəfzadənin yaradıcılığında təbiət, sosial və ictimai həyat lövhələrinin geniş yer aldığını dilə gətirərək, şairin şeirlərinin həyatiliyindən söhbət açıblar. Bildirilib ki, Qəşəm Nəcəfzadə şeir, esse və hekayələrində həyatın dolanbaclarını, həm də bu həyatda heç vaxt sönməyən insani, dünyəvi düşüncə işığını böyük ustalıqla qələmə alır.

Sonda Qəşəm Nəcəfzadənin həyat və fəaliyyətindən bəhs edən kiçik film nümayiş olunub, şair yeni şeirlərini oxuyub, tələbələrin suallarını cavablandırıb və onlara yeni çapdan çıxan kitablarını hədiyyə edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.