ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində tanınmış kimyaçı alimin 80 illik yubileyi qeyd olunub
Bakı, 18 may, AZƏRTAC
Mayın 18-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, kimya elmləri doktoru, Əməkdar Elm Xadimi, professor Musa Bayramovun anadan olmasının 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BDU-nun rektoru, akademik Abel Məhərrəmov professor M.Bayramovun mənalı ömür yolundan, səmərəli elmi və pedaqoji fəaliyyətindən danışıb.
Qeyd olunub ki, M.Bayramov 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsini bitirib, bir müddət akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda çalışıb. O, 1969-cu ildən fəaliyyətini BDU-da uğurla davam etdirir.
Hazırda universitetin kafedra müdiri vəzifəsində çalışan alim 1968-ci ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyaları müdafiə edib, ona professor elmi adı verilib. Yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanmasında mühüm xidmətləri olan M.Bayramov 500-dən çox elmi əsərin, o cümlədən dəyərli monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, 40-dək müəlliflik şəhadətnaməsi, 20-dən çox patentin müəllifidir.
Tədbirdə kimya fakültəsinin dekanı, professor Abdulsəyid Əzizovun “Fədakar alim, professor Musa Bayramovun həyat və yaradıcılığı” mövzusunda məruzəsi dinlənilib.
Bildirilib ki, professor M.Bayramovun əsas elmi yaradıcılığı polifunksional monomerlər olan alkenilfenolların sintezi və onlar əsasında reaksiyaya qabil oliqomer və polimerlərin, kompozisiya materiallarının alınması ilə bağlıdır.
Akademiklər Dilqəm Tağıyev, Vaqif Abbasov, Vaqif Fərzəliyev, BDU-nun kafedra müdiri, professor Əyyub Əzizov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru, professor Qasım Məmmədov və digər çıxış edənlər də professor Musa Bayramovun elmə və təhsilə verdiyi töhfələrdən söz açıb, ona yeni nailiyyətlər arzulayıblar.