ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayı iki dəfə artıb
Bakı, 17 sentyabr, AZƏRTAC
2021-2022-ci tədris ilində BDU-ya qəbul olmaq üçün müraciət edən tələbələrin sayı ötən tədris ili ilə müqayisədə 2 dəfə artıb. Cari ilin iyul-avqust aylarında 27 ölkədən 200-dən çox əcnəbi tələbə qeyri-dövlət xətti ilə BDU-da təhsil almaq üçün müraciət edib. Keçən il bu göstərici 15 ölkə ilə məhdudlaşırdı.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Qeyd olunub ki, son illər BDU-da təhsilin beynəlmiləlləşməsi istiqamətində islahatların aparılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, dünyanın bir sıra aparıcı ali məktəbləri ilə ikili diplom proqramları üzrə kadr hazırlığının həyata keçirilməsi ilə bağlı ciddi addımlar atılıb.
Eyni zamanda, tədris prosesinin təkmilləşdirilməsi, bu işdə yeni metod və texnologiyalardan, “Blackboard” kimi beynəlxalq təhsil platformasının tətbiqi, BDU-nun “QS və Times Higher Education (THE)” kimi dünyanın məşhur reytinq siyahılarında ən yüksək göstəricilərə malik ali təhsil müəssisələri arasında yer alması universitetdə təhsil almaq istəyən əcnəbi tələbələrin sayının artmasına səbəb olub.