ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetində yeni konfrans zalı açılıb

Bakı, 7 dekabr, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılan “Nizami” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində (BDU) istifadəyə verilən doktorantura üzrə online konfrans zalının açılışı olub.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə rektor vəzifəsini icra edən, professor İradə Əliyeva universitetdə həyata keçirilən layihələrdən, təhsilin Avropa ali təhsil məkanına inteqrasiyasından bəhs edib. Bakalavr və magistratura təhsilinin Boloniya prosesinə uyğunlaşdırıldığını vurğulayan İ.Əliyeva Avropa İttifaqının “Nizami” layihəsi çərçivəsində doktorantura təhsilinin də beynəlxalq təhsil sisteminə uyğunlaşdırılması istiqamətində görülən işlərdən danışıb. O, Prezident İlham Əliyevin “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətini qeyd edərək, Avropa İttifaqının “Nizami” layihəsinin bu proqrama töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Anar Kazımov “Nizami” layihəsinin əhəmiyyətindən, təhsilin doktorantura səviyyəsinin Boloniya təhsil sisteminə keçməsi ilə bağlı görülən işlərdən bəhs edib.

BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vurğulayıb ki, online konfrans zalında dünyanın 8 universiteti ilə eyni vaxtda konfrans keçirmək, müzakirələr aparmaq mümkündür. “Nizami” layihəsində Avropa universitetlərindən İsveçin Upsala, Çexiyanın Masaryuk, Almaniyanın Ruprext-Karls, İspaniyanın Barselona universitetləri, Azərbaycandan isə Təhsil Nazirliyinin koordinatorluğu ilə Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası iştirak edir.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə bildirib ki, “Nizami” layihəsi və istifadəyə verilən konfrans zalı respublika təhsilinin beynəlxalq aləmə inteqrasiyasına imkan açır. Gələcəkdə təkcə doktorantlar deyil, bakalavr və magistratura səviyyələrində təhsil alan tələbələr də bu imkanlardan istifadə edərək dünyanın 8 universiteti ilə əlaqə yarada biləcəklər.

Tədbirdə həmin universitetlərlə videobağlantıların qurulması və əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.