ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru: Yaz semestrində 250 müraciətə baxılıb

Bakı, 30 iyul, AZƏRTAC

Beş aydır ki, COVID-19 pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq olunur. Normal həyatdan ayrılmaq, yeni qaydalara, dəyişikliklərə uyğunlaşmaq müəyyən narahatlıqlar doğurur. Nəticədə yaranan stres, tənhalıq, sağlamlıqla bağlı narahatlıq, gərginləşən psixoloji vəziyyət insanlara təsir göstərir. Mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması nəticəsində bir çox tələbələr gənclik dövrlərinin ən böyük anlarından, eləcə də dərslərdə iştirakdan və dostları ilə ünsiyyətdən məhrum oldular. Yaz semestrinin yay imtahan sessiyasının karantin dövrünə düşməsi isə bəzi tələbələrin imtahan həyəcanını artırmış oldu. Elə bu səbəbdən Bakı Dövlət Universiteti (BDU) əməkdaş və tələbələrin psixoloji narahatlığının dəf edilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq BDU-da yaradılan Psixoloji Yardım Sektoru fəaliyyətini onlayn şəkildə sistemli quraraq tələbələrlə, əməkdaşlarla müntəzəm əlaqələr yaradıb, onların fərdi psixoloji problemlərinin aradan qaldırılmasına peşəkar dəstək göstərib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Psixoloji Yardım Sektoru tələbə və əməkdaşların məlumatlandırılması, psixoloji vəziyyətinin yaxşılaşdırılması, psixoloji terapiya və dəstək məqsədilə COVID-19 virusundan qorunma üsulları haqda, bu dönəmdə stresin yaranma səbəbləri və mübarizə yolları, düzgün yuxu rejiminin təşkili, motivasiyanın formalaşdırılması, o cümlədən asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi kimi mövzularla bağlı ali məktəbin rəsmi veb-səhifəsində (bsu.edu.az) məlumatlar yayımlayıb, sosial şəbəkələr vasitəsilə gündəlik paylaşımlar, canlı yayımlar təşkil edib. Sektor 2019/2020-ci tədris ilinin yaz semestri müddətində 250-dən çox tələbə və əməkdaşın müraciətinə baxaraq, onlara peşəkar yardım edib. Müraciətlərin əksəriyyəti stres, depressiya, həyəcan, təşviş, tənhalıq sindromu, yuxu pozuntuları, ailədaxili münasibətlərin pozulması ilə əlaqədar olub. Psixoloji Yardım Sektoru 30-dan çox tələbəyə, 10-a yaxın əməkdaşa fərdi konsultasiya təşkil edib. Həmçinin sektorun sosial şəbəkə hesabı üzərindən mövcud vəziyyətlə əlaqədar imtahan sessiyasında tələbələrdə yaranmış əlavə stres amillərini, imtahan gərginliyini aradan qaldırmaq, onların gələcək məqsədlərinə qətiyyətlə addımlamaq yolunda motivasiya və ruh yüksəkliyi yaratmaq üçün gündəlik paylaşımlar edilib, canlı yayımlar təşkil olunub. Yeni tədris ilində təşkil olunması planlaşdırılan təlimlərə qatılmaq üçün isə 80-ə yaxın tələbənin müraciəti qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.