ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Psixoloji Yardım Sektoru fərdi konsultasiyalara başlayıb

Bakı, 22 may, AZƏRTAC 

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektoru bu gündən universitetin əməkdaş və tələbələri üçün psixoloji müayinə və fərdi konsultasiyalara start verir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, konsultasiyalarda əsas məqsəd ehtiyacı olan əməkdaş və tələbələrin psixoloji problemləri ilə tək qoymamaq, onlara mənəvi dəstək olmaq, ruh yüksəkliyini təmin etməyə kömək etməkdir.

Qeyd edilib ki, Azərbaycan ali məktəbləri arasında ilk dəfə olaraq Bakı Dövlət Universitetində hələ 2019-cu ilin dekabrında yaradılan Psixoloji Yardım Sektoru COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə elan olunan karantin rejimi dövründə evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi “Instagram” səhifəsi vasitəsilə onlara psixoloji dəstək göstərir.

Məsafədən dəstək göstərdiyi müddət ərzində Psixoloji Yardım Sektoruna universitetin 150-yə qədər əməkdaş və tələbəsi müraciət edib. Ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu, fobia, həyəcan pozuntuları, özünəqapanma, qidalanma pozuntuları, virusun təkrarlanma ehtimalından yaranan diskomfort, depressiya, sağlamlıqla bağlı narahatlıq və emosional gərginliklərlə bağlı olub.

Maraqlananlar ətraflı məlumat və qeydiyyat üçün (+994 77) 304 24 48 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.