REGİONLAR


Bakı Dövlət Universitetinin Qazax filialında bu il 1529 tələbə təhsil alacaq

Qazax, 16 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, müəllim-tələbə kollektivi, valideynlər və KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə filialın binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi rəhbərin əziz xatirəsini anıblar.

Sonra filialın binasında aparılmış yenidənqurma işləri və tələbələrə yaradılmış şəraitlə tanışlıq olub.

Dövlət himni səsləndikdən sonra BDU Qazax filialının direktoru Arif Rüstəmov tədbiri açaraq, müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq birinci kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik həyatında uğurlar arzulayıb.

Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Bildirib ki, yeni tədris ilində filialda 31 dərs auditoriyası, 2 kompüter otağı, 2 fənn laboratoriyası, 1 fənn kabineti, 2 oxu zalı, idman zalı və digər tədris vasitələri tələbələrin ixtiyarında olacaq.

A.Rüstəmov diqqətə çatdırıb ki, 2019-2020-ci tədris ilində bir yeni ixtisas da əlavə olunmaqla, filialda 17 ixtisas üzrə əyani şöbəyə, 4 ixtisas üzrə isə qiyabi şöbəyə qəbul aparılıb. Filiala respublikanın 58 rayonu üzrə 552 tələbə qəbul olunub. Bu tədris ilində filialda 1529 tələbə təhsil alacaq.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni dərs ilinin başlanması münasibətilə tələbələri, valideyn və müəllimləri təbrik edib, birinci kursa daxil olan tələbələrə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, “Təhsil millətin gələcəyidir” söyləyən ulu öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva da ölkədə təhsil siyasətini uğurla davam etdirərək, bu sahənin inkişafına böyük önəm verirlər.

Sonra tədbir müəllim, valideyn və tələbələrin çıxışı ilə davam edib.

Tədbirin sonunda birinci kurs tələbələrinə tələbə biletləri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.