ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetinin “SABAH” qrupunun tələbələri təcrübə proqramına cəlb olunacaqlar
Bakı, 20 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan “SABAH” qrupu tələbələrinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşları ilə görüşü keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Təhsil Nazirliyi “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, TQDK-nın statistik araşdırmalar, elmi layihələşdirmə və innovasiyalar şöbəsinin əməkdaşları Əli Mahmudov, Orxan İsmayılov, BDU-nun “SABAH” mərkəzinin rəhbəri İradə Süleymanova iştirak ediblər.
Görüşün məqsədi müəllimlik ixtisası üzrə təhsil alan “SABAH” tələbələrinin kütləvi imtahanlarda yazı işlərinin (eləcə də esselərin) qiymətləndirilməsi sahəsindəki təcrübənin öyrənilməsinə cəlb olunmalarıdır.