ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Ulu Öndərin xatirəsinə həsr edilən elmi konfrans keçirilib

Bakı, 25 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Şərqşünaslıq fakültəsinin gənc alim və magistrantlarının “Şərq filologiyası məsələləri” mövzusundakı konfransında fakültənin professor və müəllim heyəti də məruzələrlə çıxış edib. Konfransda açılış nitqi ilə çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan və fakültənin elmi işlər üzrə dekan müavini Nigar İsmayılzadə Ulu Öndərin Azərbaycanda elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, məzunu olduğu Bakı Dövlət Universitetinin yüksəlişindəki xidmətlərindən, müasir və güclü Azərbaycan dövlətini bərqərar etmək yolundakı misilsiz fəaliyyətlərindən danışıblar.

Konfransın plenar iclasında “Ümummilli lider Heydər Əliyevin klassik irsə qayğısı və Azərbaycan əlyazma sərvətləırinin toplanması, öyrənilmısi, nəşri məsələləri” mövzusunda məruzə ilə çıxış edən İran filologiyası kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Rafael Hüseynov deyib: “Türk dünyasının böyük düşüncə adamı, görkəmli qazax şairi Oljas Suleymenov unudulmaz Heydər Əliyevə müraciət edərkən adətən ona “Ustaz” – “Müəllim” deyərdi və hər sözün tamını, rəng çalarlarını, çəkisini dəqiq duyan və bilən bu parlaq qələm adamı niyə belə dediyini çox yaxşı anlayırdı. Heydər Əliyev onun nəhəngliyini görməyə qadir və hazır olan hər bəsirətli insanın gözündə misilsiz bir siyasət və dövlət adamı olmaqdan savayı, ilk növbədə, əvəzsiz öyrədici, müstəsna müəllim kimi ucalır. Millət müəllimi kimi! Tarixin son dərəcə təlatümlü bir dönəmində, 1990-cı illərin əvvəlləri və ortalarında, Azərbaycanın yenicə bərpa edilmiş dövlət müstəqilliyi ilk kövrək addımlarını atarkən Heydər Əliyevin xilaskarlıq, quruculuq, yurdun və xalqın sabahı üçün möhkəm təməllər yaratmaq yolunda fədakar çalışmaları və mübarizələri heç zaman unudulmaz. Artıq yarım əsrdən çoxdur ki, Azərbaycan Heydər Əliyevin adı, siyasəti, xətti, yolu ilə bağlıdır və bu nadir şəxsiyyət haqqında düşünmək və danışmaq həm də elə Azərbaycanın taleyi haqqında fikir bölüşməkdir”. Ümummilli Lideri misilsiz və çox güclü edən ən vacib amillərdən birinin də onun üstün zəkası, hərtərəfli bilikləri, Azərbaycanı Azərbaycan edən dəyərlər şəbəkəsinə vaqifliyliyinin olduğunu vurğulayan akademik Rafael Hüseynov əlavə edib ki, böyük azərbaycanlı Heydər Əliyev siyasətin incəliklərinə, dövlət işinin və hakimiyyət idarəediciliyinin hər xırda ayrıntısına qrosmeystercə sahib olduğu kimi, elmin, ədəbiyyatın, incəsənətin ən müxtəlif sahələrinə də elə həmin sahələrin təmsilçisi kimi dərindən aşina idi və bu ona yeni güc verirdi. Azərbaycan əlyazmaşünaslığının tarixi və problemlərindən bəhs edən Rafael Hüseynov Ulu Öndərin bu sahəyə xüsusi münasibəti və qayğısından konkret faktlarla söz açaraq sovet dönəmində Əlyazmalar İnstitutunun yaradılmasının da unudulmaz rəhbərin uzunmüddətli məqsədyönlü səylərinin nəticəsi olduğunu bildirib.

Daha sonra professor Jalə Əliyeva “Azərbaycan elminin inkişafında Heydər Əliyevin rolu və xidmətləri”, dosent Kəmalə Əhmədova “Heydər Əliyev – Türk dünyasının fenomeni” mövzularında çıxış ediblər.

Şərqşünaslıq fakültəsinin gənc alimləri və magistrantları araşdırdıqları aktual mövzularla bağlı məruzələrini təqdim ediblər. Müasir və klassik ibri, yapon, fars, ərəb, türk, urdu dilləri və ədəbiyyatlarının müxtəlif məsələlərinə, Şərqdə tarix, təbabət, kulturologiya və digər sahələrə aid məruzələr də maraq doğurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.