ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin alimləri beynəlxalq konfransda süni intellektə dair məqalə təqdim ediblər

Bakı, 17 noyabr, AZƏRTAC

İtaliyanın Padua Universitetinin Antonio Papisca İnsan Hüquqları Mərkəzi, Siyasi elmlər, hüquq və beynəlxalq araşdırmalar kafedrası və UNESCO-nun İnsan hüquqları, demokratiya və sülh kafedrasının birgə təşkilatçılığı ilə insan haqlarına həsr olunmuş illik beynəlxalq konfrans keçirilib. İtaliya, İngiltərə, Braziliya, İsveç, Polşa, Yaponiya və digər ölkələrin alimlərinin iştirak etdiyi virtual konfransda Azərbaycanı Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin alimləri təmsil ediblər.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, məlumata əsaslanan insan hüquqları araşdırması mövzusunda keçirilən konfransda BDU-nun Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ kafedrasının müdiri, professor Əmir Əliyev, kafedranın dosentləri Gülnaz Rzayeva və Aytəkin İbrahimovanın birgə müəllifliyi ilə elmi məqalə təqdim edilib. Azərbaycanlı alimlər konfransda “Süni intellekt və şəxsi məlumatlar: beynəlxalq və milli konteksdə” (“Artificial intelligence and personal data: international and national framework”) adlı elmi məqalə ilə çıxış ediblər. Çıxışda müəlliflər tərəfindən süni intellekt sistemlərinə leqal anlayışın verilməsi, rəqəmsal hüquqlarla bağlı normaların redaktəsi, kibertəhlükəsizliyin təmin olunması üçün kibermədəniyyətin artırılması məsələləri üzrə bir çox təkliflər verilib, süni intellekt sistemlərinin tətbiqi zamanı insan hüquqlarının rəhbər tutulması, “mənəvi yanaşma” prinsipinin əsas götürülməsi və şəxsi həyatın toxunulmazlığının təmin olunmasına diqqət çəkilib.

BDU alimlərinin təqdim etdiyi məqalə müzakirə panelində maraqla qarşılanıb, iştirakçı alimlər tərəfindən müsbət rəy alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.