ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin gənc müəllimləri tədris prosesinin təşkilindən danışırlar

Bakı, 4 dekabr, AZƏRTAC

2020/2021-ci tədris ili koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn təhsil formatında davam edir. Bakı Dövlət Universitetinin (BDU) gənc müəllimləri cari tədris ili, hazırlıqlar, tələbələrin yeni forma və metodlarla tədrisə cəlb olunması, yeni təlim texnologiyaları, günün tələblərini ödəyən tətbiqi çalışmaların mənimsənilməsi, ən yeni məzmunda ədəbiyyat materiallarının istifadəsi haqqında ictimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə həmsöhbət olublar.

AZƏRTAC BDU-nun mətbuat xidmətinə istinadla universitetin müəllimlərin məsafədən təhsilin təşkili, ənənəvi və distant təhsil arasında oxşar və fərqli xüsusiyyətlər, yeni tədris formatında qarşıya çıxan məqamlar barədə mülahizələrini təqdim edir.

Jurnalistika fakültəsinin müəllimi Nigar Ağayeva: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi qalibiyyət bizi də qürurlandırdı. Qələbə sevinci bizi daha da ruhlandırır, müəllim kimi təhsilimizin daha da yaxşılaşması üçün imkanlarımızı daim səfərbər etməyə sövq edir. Yeni tədris ilində dərsin keyfiyyətini yüksəltmək üçün dünya universitetlərində əsas dərs vəsaiti kimi istifadə olunan elektron kitablara nəzər salmışam, aparıcı universitetlərin professorlarının, tədris etdiyim fənlərə uyğun videolarını izləmişəm, PDF formatda mühazirə mətnləri hazırlamışam, dərslərə aid bütün materialları “Microsoft Teams” platformasına yükləmişəm və dərslərin onlayn formatda təşkil olunmasını nəzərə alaraq texniki təchizatı gücləndirmişəm. Onlayn təhsildə lazımi biliklərin ötürülməsini qənaətbəxş hesab edirəm. Tələbələrlə canlı ünsiyyətdə olmaq, üz-üzə dərs deyərək daha ətraflı müzakirələr aparmaq, eləcə də bəzi mövzuların praktik olaraq keçirilməsi imkanları baxımından ənənəvi təhsilin imkanları daha genişdir. Pandemiyadan sonra təhsilin ənənəvi qaydada davam edəcəyinə inanırıq”.

Coğrafiya fakültəsinin müəllimi Polad Orucov: “Yeni tədris ili bizim, həmçinin tarixi anlara şahidlik etməyimizlə başladı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun apardığı uğurlu əməliyyatlar bizi tariximizə, torpaqlarımıza qovuşdurdu. Sevinc və fərəh hissi ilə bu günləri yaşadıq.

Hər il olduğu kimi, cari tədris ilinə fənlər üzrə materiallar yığmaq, mühazirələr üçün təqdimatlar tərtib etməklə hazırlaşmışam. Fikrimcə, dərslərin izahının onlayn və ya auditoriyada verilməsinin elə bir önəmi yoxdur, əsas məsələ tələbələrin keçirilən mühazirəni dinləmək və ya izləmək şəraitinin olmasıdır. Keçən semestr təşkil edilmiş sessiyada əldə edilən təcrübənin yeni tədris ilinə təsiri çox uğurlu oldu. Düşünürəm ki, ənənəvi təhsil zamanı tələbələrin auditoriya önündə çıxış etməsi, təqdimat hazırlaması onların yaxşı mütəxəssis kimi yetişməsində böyük rola malikdir, xüsusən müəllimlik ixtisasında təhsil alan tələbələr üçün. Bu zaman tələbələrin real biliyini qiymətləndirmək daha rahat olur. BDU-da təşkil edilmiş onlayn dərs və imtahanların keçirilməsi üçün müvafiq şərait yaradılıb, texniki imkanlar genişləndirilib. İlk dəfə olmasına baxmayaraq ümumilikdə Azərbaycan təhsili bu çətin sınağın öhdəsindən gəlmək üçün bütün imkanlarını səfərbər edib. Bu çətin pandemiya dönəmində təhsil üçün çalışan müəllim və tələbələrə uğurlar arzu edirəm”.

Kimya fakültəsinin müəllimi Ofeliya Balayeva qeyd edib ki, 2020/2021-ci tədris ili onlayn formatda uğurla davam edir. Onlayn təhsil sisteminə tələbələrin artıq uyğunlaşdığının şahidi oluruq. Onlar dərslərə daha diqqətlə qulaq asır, sanki hər bir tələbə auditoriyanın birinci sırasında əyləşib, dərsi daha yaxşı başa düşür, sualı yarandıqda çəkinmədən soruşur. Distant təşkil olunmuş seminar dərslərində isə tələbələr bir-birini diqqətlə dinləyə bilir. Təbiət fakültələrində laboratoriya dərslərinin ənənəvi olmasının üstünlükləri var. Pandemiyanın təhsil sistemində yaratdığı çətinlikləri dəf etməyə çalışırıq. Dünya təhsil sisteminin də üzləşdiyi böhranda təhsilin davamlılığının və tələbələrin bu prosesdə iştirakının təmin edilməsini uğurlu hesab etmək olar.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin müəllimi Abbas Mirzəyev: “Koronavirus pandemiyası səbəbindən bütün dünyada təhsil sistemində tətbiq edilən yeniliklər BDU-da da müvəffəqiyyətlə həyata keçirildi. Hazırda “Microsoft Teams” platformasında təyin edilmiş dərs cədvəlinə uyğun olaraq dərslər keçirilir. Bu proqram bizə tələbələrlə görüntülü ünsiyyət qurmaqdan əlavə, elektron lövhədən istifadə etmək, hər tələbəyə ayrı-ayrılıqda tapşırıq vermək, tələbəni qiymətləndirmək imkanı yaradır. Həmçinin tələbələrə lazım olan bütün dərs materialları platformaya yerləşdirilir. Artıq yeni tədris ilindən əldə edilən təcrübə ilə uğur qazanmışıq, dərslər hər fakültədə əvvəldən hazırlanıb və dəyişilməz olan cədvəl üzrə davam edir. Nəticədə dərslərdə iştirak edən tələbə oxuduğu sahədə bilik və təcrübə əldə edir. Postpandemiya dövrü barədə indidən bir söz demək çətindir, amma güman edirəm ki, qazandığımız onlayn dərs təcrübəsi işimizə xeyli yarayacaq. İstərdim ki, ənənəvi təhsildəki kimi tələbə müəllimlə rahat ünsiyyət qura bilsin, suallarını verə bilsin, məsləhət ala bilsin. Tələbələri isə dərslərdən maksimum faydalanmağa, əzmli olmağa səsləyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.