ELM VƏ TƏHSİL


Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 90 illik yubileyi təntənəli şəkildə qeyd edilib VİDEO

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilmiş “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının rəsmiləri, deputatlar, tanınmış hüquqşünas alimlər, hakimlər, vəkillər, hüquq fakültəsinin məzunları, professor və müəllimlər, tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva konfransda çıxış edərək ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Professor İ.Əliyeva Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun olaraq müxtəlif tədbirlərin keçirilməsindən, o cümlədən 90 illiyi qeyd olunan hüquq fakültəsinin respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi rolundan bəhs edib.

Hüquq fakültənin fəaliyyəti barədə məlumat verən professor fakültədə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, qazanılan uğurları diqqətə çatdırıb.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev “Hüquq fakültəsinin tarixi, inkişaf yolu və müasir cəmiyyətdə rolu” mövzusunda məruzə ilə çıxış edib. Alim hüquq fakültəsinin BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biri olduğunu, onun tarixinin universitetin yarandığı ilk illərə təsadüf etdiyini vurğulayıb. Dekan qeyd edib ki, bu fakültənin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1919-cu il 1 sentyabr tarixli Qanunda da öz əksini tapıb. O, ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsindən sonra hüquq fakültəsində mühüm dəyişikliklərin, yeniliklərin əsasının qoyulduğunu, məhz həmin dövrdən başlayaraq hüquq elmi və təhsilini tədris edən alimlər sırasına azərbaycanlıların cəlb edilməsi prosesinin sürətləndiyini, Azərbaycanda beynəlxalq hüquq məktəbinin qurulduğunu diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da hüquq fakültəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü uğurlu daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və təhsil sahəsindəki nailiyyətlər hüquq fakültəsində də müvəffəqiyyətlə davam etdirilir.

Dekan fakültənin tarixindən və inkişaf mərhələlərindən söz açıb. Qeyd olunub ki, hazırda hüquq fakültəsində 25-dən çox hüquq üzrə elmlər doktoru, professor və 100-ə yaxın hüquq üzrə fəlsəfə doktoru, dosent olmaqla ümumilikdə 120-dən artıq professor-müəllim fəaliyyət göstərir. Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil almış azərbaycanlı məzunlar bu gün hüquq fakültəsinin müvafiq magistraturalarında və ingilis bölmələrində tədris prosesini uğurla aparırlar. Təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində Azərbaycan, ingilis, alman və rus dillərində davam etdirilir. Fakültədə əyani şöbədə 1161, qiyabi şöbədə 374, magistraturada isə 180 tələbə təhsil alır. Hüquq fakültəsində bakalavr təhsil səviyyəsində bir ixtisas - Hüquqşünaslıq ixtisası üzrə 83 fənn, magistratura təhsil pilləsində isə 17 ixtisaslaşma üzrə 250-dən artıq fənn tədris olunur. Artıq beşinci ildir ki, hüquq fakültəsində daimi Dissertasiya Şurası fəaliyyət göstərir. Həmçinin burada Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı yaradılıb. Bundan başqa, fakültədə 11 kafedra, Hüquq Klinikası, Kriminalistika Laboratoriyası və Dəniz və Enerji Hüququ Mərkəzi uğurla fəaliyyət göstərir. “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO və digər beynəlxalq təşkilatlarda apardığı uğurlu fəaliyyətin məntiqi nəticəsi olaraq 2015-ci ildə UNESCO ilə imzalanmış Sazişə əsasən yaradılıb.

Hüquq fakültəsi ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin nüfuzlu elm, təhsil ocaqları ilə geniş elmi əlaqələr qurub.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov ümummilli lider Heydər Əliyevin ölkəmizdə hüquq elminin və təhsilinin inkişafına daim xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin şanlı, şərəfli yol keçdiyini qeyd edən Z.Əsgərov bildirib ki, hazırda bu fakültə dünyanın nüfuzlu universitetlərinin hüquq fakültələri ilə səmərəli əməkdaşlıq edir. Fakültədə elmi potensial ən müasir tələblərə cavab verir. Biz bu gün Azərbaycanda hüquq elminin və təhsilinin inkişafı ilə fəxr edə bilərik.

Universitetin professor və müəllimlərini, tələbələrini təbrik edən Milli Məclis sədrinin birinci müavini onlara təhsildə yeni uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev bu ilin ölkəmizin həyatında əlamətdar hadisələrlə zəngin olduğunu bildirib.

Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi barədə imzaladığı sərəncamların əhəmiyyətini diqqətə çatdıran F.Abdullayev qeyd edib ki, dövlətçilik tariximizin ən parlaq səhifələrindən biri - müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi geniş şəkildə qeyd edilir.

Şərqdə dünyəvi təhsil ocağı kimi yaradılan Bakı Dövlət Universitetinin inkişafına ulu öndər Heydər Əliyevin daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildirən Konstitusiya Məhkəməsinin sədri bu gün BDU-nun, o cümlədən universitetin hüquq fakültəsinin elmə, təhsilə, cəmiyyətə böyük töhfələr verdiyini vurğulayıb. O, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk milli Konstitusiyanın hazırlandığını və həmin il noyabrın 12-də referendum yolu ilə Azərbaycan xalqı tərəfindən qəbul edildiyini xatırladıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığını deyən sədr bu qurum ilə BDU-nun hüquq fakültəsi arasındakı əməkdaşlığın əhəmiyyətindən danışıb. O, hüquq fakültəsində yüksəkixtisaslı, peşəkar hüquqşünas kadrların hazırlanmasının əhəmiyyətini qeyd edib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış edərək hüquq elminin inkişafında və yüksəkixtisaslı hüquqşünas mütəxəssislərin hazırlanmasında hüquq fakültəsinin fəaliyyətini yüksək dəyərləndirib, müəllim və tələbələri təbrik edib.

Tədbirdə Polis Akademiyasının rəisi, general-leytenant Nazim Əliyev, Ankara Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Muharram Özen, Kazan Federal Universitetinin hüquq fakültəsinin dekanı, professor Liliya Bakulina, Ukrayna hüquqşünasları adından akademik Oleq Zayçuk, Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Tamar Zarandiya çıxış edərək fikirlərini bölüşüblər.

Sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının, ayrı-ayrı ali təhsil müəssisələri rəhbərlərinin təbrik məktubları səsləndirilib.

ABŞ-ın Tüleyn Universitetinin hüquq fakültəsinin dekanı, professor Devid Meyer, Almaniyanın Halle Vittnberq Universitetinin rektoru, professor Kristian Titye, Vürzburq Universitetinin hüquq fakültəsinin dekanı, professor Ekhard Paxen, Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin hüquq fakültəsinin dekanı Daulet Baydeldinovun videotəbrikləri nümayiş etdirilib.

Konfransda hüquq fakültəsinin bir qrup professor-müəllim heyətinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, fəxri fərmanı, Bakı Dövlət Universitetinin fəxri fərmanı təqdim edilib.

Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstandan 15-dən çox xarici hüquqşünas alimin iştirak etdiyi iclaslarda altı bölmə üzrə 180-dən çox məruzə dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.