CƏMİYYƏT
Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib YENİLƏNİB
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də Azərbaycan Tibb Universitetində (ATU) Bakı Dövlət Universitetinin nəzdində tibb fakültəsinin yaradılmasının 100 illik yubileyinə həsr olunan “Təbabətin aktual problemləri - 2019” mövzusunda beynəlxalq elmi–praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə əklil qoyub, gül dəstələri düzüblər.
Konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladığını və onun müddəalarının birbaşa Tibb Universitetinin kollektivinə aid olduğunu qeyd edib: “1919-cu il sentyabrın 1-də yaradılan Bakı Dövlət Universitetinin nəzdində ilkin mərhələdə cəmi iki fakültə fəaliyyət göstərib. Onlardan biri tibb, digəri tarix-filologiya fakültəsi olub. Məhz tibb fakültəsinin nəzdində 1930-cu il mayın 9-da Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb. Ona görə də bu yubiley, həmçinin Tibb Universitetinin kollektivinin də bayramıdır”.
Rektor, həmçinin tibb fakültəsinin tarixi, burada dərs deyən ziyalı və alimlər, onların ölkədə tibb təhsilinin inkişafı naminə gördüyü işlərdən danışıb. O bildirib ki, tibb fakültəsinin inkişafında Mustafa bəy Topçubaşov, Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Fuad Əfəndiyev, Kamil Balakişiyev, Məmmədəmin Əfəndiyev, İvan Şirokoqorov, Nadir Məmmədli, Ümnisə Musabəyli, Hüseyn Əliyev, Möhsün Qədirli, Sonaxanım Vəlixan və digər məşhur Azərbaycan alimlərinin böyük xidmətləri olub. Rektor öz çıxışı zamanı Azərbaycan Tibb Universiteti və Bakı Dövlət Universitetinin həmişə sıx tellərlə bir-birinə bağlı olduğunu da qeyd edib.
G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib və konfransın işinə uğurlar arzulayıb.
Sonra tibb fakültəsinin 100 illik yubileyinə həsr olunmuş sənədli videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu tarixi hadisə münasibətilə ATU kollektivini təbrik edib. Hər iki universitetin bir-biri ilə bağlı olduğunu və həmin təhsil ocaqlarında yeniliklərin aparıldığını deyən rektor bu ali məktəblər arasında əməkdaşlıq üçün potensialın mövcudluğunu diqqətə çatdırıb. O, tibb fakültəsinin Azərbaycan səhiyyəsinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.
Türkiyənin Cərrahpaşa Universitetinin rektoru, professor Nuri Aydın Azərbaycan və Türkiyə arasında tibb təhsili sahəsindəki əlaqələrdən danışıb.
Konfrans müxtəlif mövzularda məruzələr və paralel sessiyalarla davam edib.
Qeyd edək ki, konfransda yerli həkimlərlə yanaşı, Türkiyə, Rusiya və İsraildən gələn mütəxəssislər də iştirak ediblər.